“14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və Yasamal rayon Heydər Əliyev Mərkəzi “14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir” adlı tədbir keçirdilər. Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55 illik yubileyinə həsr olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Yasamal rayon MKS-nin əməkdaşı İradə Hüseynova açaraq, Ulu Öndərimiz Heydər Əliyevin siyasi fəaliyyətindən danışdı və bildirdi ki, Azərbaycan KP MK-nın 1969-cu il iyulun 14-də keçirilən plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. Plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Heydər Əliyevin yüksək idarəçilik bacarığı sayəsində respublikamızın iqtisadiyyatı, təhsil, səhiyyə və mədəniyyətimiz sürətli inkişaf yolu keçdi. 1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi uğurlar sonralar xalqımızın siyasi müstəqilliyi yolunda mühüm rol oynadı.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Mayrux Cavadova məruzəsində qeyd etdi ki, Ulu Öndərimiz Azərbaycanın bütün sahələrini əhatə edən dinamik inkişafa nail olmaq üçün çevik və ardıcıl siyasət apardı, sənayenin, aqrar-sənaye kompleksinin ixtisaslaşmış sahələrinin inkişafı məqsədilə müxtəlif proqramlar həyata keçirdi. Məruzəçi qeyd etdi ki, 1969-1982-ci və 1993-2003-cü illərdə Azərbaycan mədəniyyəti Renessans dövrünü yaşamış, Ulu Öndər Azərbaycan mədəniyyətinin bütün sahələrinə, ədəbiyyata və Azərbaycan dilinə xüsusi həssaslıqla yanaşmışdır.
Tədbirdə “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə, “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov, “Carçı” jurnalının təsisçisi və baş redaktoru, Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva, “Qadın Dünyası” İctimai Birliyinin sədri Kifayət Niftəliyeva, “Yeni Baxış” İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərov, şəhid Sübhan Abdurəhmanın anası Mehriban Abdurəhman, Qarabağ müharibəsi veteranı İsa Musayev çıxış etdilər.
Tədbir iştirakçıları bildirdilər ki, Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi geriliyinin aradan qaldırılması istiqamətində mühüm addımlar atmış, müstəqillik illərində xalqımızın milli maraqlarına cavab verən siyasət aparmışdır.
Tədbirdə Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan Ulu Öndərə həsr olunmuş videoçarx maraqla izlənildi.
Ümummilli Liderin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki heykəli qarşısında xatirə şəkli çəkildi.