40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir
Təxminən 40 ölkə “dünya iqtisadiyyatını girov saxlayan” İranın qarşısını almaq məqsədilə Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə atıla biləcək birgə tədbirləri müzakirə edir.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin bərpasının müxtəlif variantlarını müzakirə etmək üçün təxminən 40 ölkədən hərbi planlaşdırıcıların görüşünü təşkil edir. Bunu Birləşmiş Krallığın xarici işlər naziri İvett Kuper bildirib.
Nazir virtual görüşə sədrlik edərkən bildirib ki, su yolunu bloklayan İranın “düşüncəsiz addımları” qlobal iqtisadi təhlükəsizliyə zərbə vurur.
“İran beynəlxalq dəniz marşrutunu ələ keçirərək dünya iqtisadiyyatını girov saxlayır”, – deyə o, media üçün yayımlanan hissədə söyləyib. “Reuters” agentliyi qeyd edir ki, görüşün qalan hissəsi qapalı keçirilib.
Rəsmilərdən birinin sözlərinə görə, danışıqlarda ABŞ nümayəndələri iştirak etməyib. Təxminən 40 ölkənin qatıldığı müzakirələr ABŞ Prezidenti Donald Trampın boğazın “təbii şəkildə” açıla biləcəyini deməsindən sonra baş tutub. O bildirib ki, boğazın açılmasına görə məsuliyyət bu su yolundan asılı olan ölkələrin üzərinə düşür.
Avropa diplomatları koalisiyanın formalaşdırılmasının ilkin mərhələdə olduğunu bildiriblər. Bu prosesdə əsas rolu Böyük Britaniya və Fransa oynayır.
Fransa Prezidenti Emmanuel Makron Cənubi Koreyada çıxışı zamanı boğazın hərbi yolla ələ keçirilməsini qeyri-real variant adlandırıb.


