Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib

439

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində keçirilən əmək yarmarkasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, AZAL Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının sakinlərinin işlə təmin olunması məqsədilə 15 vakansiya təqdim edib. Vakansiyalar siyahısında təhlükəsizlik inspektoru, yanğınsöndürən-xilasedici, yanğın avtomobili sürücüsü, daxiliyanma mühərriklərinin maşinisti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı və təmiri üzrə mühəndis, təmirçi-çilingər, qazanxana operatoru və rabitə texniki yer alıb.

Əmək yarmarkasında AZAL-ın əməkdaşları ziyarətçilərə mövcud vakansiyalar haqqında məlumat verib, namizədləri qeydə alıb və kadr seçiminin səmərəliliyinin təmin edilməsi üçün məlumatların təhlilini aparıblar. Yarmarka zamanı təqdim olunan vakant yerlərə 20-yə yaxın vətəndaş müraciət edib.

Daxil olan bütün müraciətlər ən qısa zamanda diqqətlə nəzərdən keçiriləcək və tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibədən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə işlə təmin olunacaqlar.

AZAL Böyük Qayıdışa dair I Dövlət Proqramını aktiv şəkildə dəstəkləyir. Bugünkü gündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki beynəlxalq hava limanı — Füzuli və Zəngilan aeroportları fəaliyyət göstərir. Hazırda bu hava limanlarında ümumilikdə 80-ə yaxın əməkdaş çalışır.

AZAL-ın Zəngilanda keçirilən əmək yarmarkasında iştirakı qurumun işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmin edilməsinə və sosial-iqtisadi inkişafın təşviq edilməsinə xüsusi diqqət ayırdığını vurğulayır.

Qeyd edək ki, yarmarkaya 23-ü özəl şirkət, 3-ü dövlət qurumu olmaqla 26 işəgötürən qatılıb. Təqdim olunan vakansiyaların ümumi sayı 253 təşkil edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın