AZAL maydan bir sıra istiqamətlərdə uçuşların sayını artırır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir. May ayından etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində uçuşların tezliyi artırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Sərnişinlərə daha çox seçim təklif etmək məqsədilə Türkiyənin Antalya və Trabzon istiqamətlərində reyslərin sayı çoxaldılır. Belə ki, mayın 1-dən Antalya marşrutu üzrə dörd reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə beş dəfəyə çatdırılacaq.
Bundan əlavə, 12 may tarixindən etibarən Bakı-Astana-Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq və həftəlik uçuşların sayı dördə yüksəldiləcək.
Yay uçuş cədvəli çərçivəsində AZAL tərəfindən Avropa şəhərlərinə həyata keçirilən reyslərin tezliyi də artırılır. Belə ki, 1 aprel tarixindən Bakı-Milan-Bakı marşrutu üzrə reyslər həftədə altı dəfə həyata keçirilir, 13 may tarixindən etibarən isə bu istiqamətdə gündəlik uçuşlar yerinə yetiriləcək.
Artan tələbatı nəzərə alaraq 2025-ci ilin aprel ayından Bakı-Kişineu-Bakı marşrutu üzrə reyslərin sayı həftədə beş dəfəyə çatdırılıb. Mayın əvvəlindən bu istiqamətdə uçuşlar həftədə altı dəfə, 12 may tarixindən isə gündəlik həyata keçiriləcək.
Daha çox uçuş, daha rahat və xoş səyahət - AZAL ilə dünyanı kəşf edin!