Azərbaycan və bp əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəyərləndirib
Energetika naziri Pərviz Şahbazovla bp şirkətinin baş icraçı direktoru Meq O’Nil arasında görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə bp şirkəti ilə uzunmüddətli strateji enerji tərəfdaşlığı və enerji təhlükəsizliyi layihələri üzrə əməkdaşlığın hazırda bərpaolunan enerji, dekarbonizasiya istiqamətində genişlənməsindən məmnunluq ifadə olunub. Azərbaycan-bp tərəfdaşlığının 30 ildən çox tarixə malik olduğu və bu əməkdaşlığın mürəkkəb dövrlərdə mühüm nəticələr verdiyi vurğulanıb. Azad edilmiş ərazilərdə həyata keçirilən “Şəfəq” layihəsinin icrası, xüsusilə Cəbrayıldan “yaşıl elektron”ların virtual ötürülməsini mümkün edən mexanizmin yaradılması yüksək qiymətləndirilib. Bu mexanizmin regionda dekarbonizasiya və enerji nəqli modelində yeni mərhələyə keçidi təmin edən mühüm innovativ addım olduğu vurğulanıb.
Görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirdiyi islahatlar barədə məlumat verilərək bildirilib ki, ölkəmiz ənənəvi neft - qaz ixracatçısından tədricən bərpaolunan enerji istehsalçısına çevrilir və enerji strategiyası balanslaşdırılmış yanaşmaya əsaslanmaqla neft, qaz, hidro, külək və Günəş enerjisini əhatə edir. Həmçinin Xəzər dənizinin 157 giqavat külək enerjisi potensialı, eləcə də regionlararası enerji interkonnektor layihələri də diqqət mərkəzində olub. Dünyada elektrik enerjisinə artan tələbat fonunda Azərbaycanın elektrik enerjisinin ixracını prioritet istiqamət kimi müəyyən etdiyi qeyd edilib. Bildirilib ki, gələcəkdə regionlar və ölkələr arasında əlaqələr təkcə dekarbonizasiya deyil, həm də enerji təhlükəsizliyi baxımından həlledici rol oynayacaq.
Söhbət zamanı Azərbaycan və bp arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə qarşılıqlı maraq ifadə edilib. Həmçinin qlobal enerji bazarlarında vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.
İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration Limited” şirkəti arasında sənədlər imzalanıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp şirkətinin yeni baş icraçı direktoru Meq O’Nil arasında görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı bp şirkətinin Azərbaycan iqtisadiyyatına və enerji sektoruna töhfəsi vurğulanıb, həyata keçirilən birgə layihələrin regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolu qeyd olunub. Qeyd edilib ki, enerji resurslarından səmərəli istifadə və bu istiqamətdə beynəlxalq tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən biridir.
Görüşdə bp şirkətinin qlobal biznes əməliyyatları, Azərbaycanla uzunmüddətli səmərəli əməkdaşlığı, regionda həyata keçirilən enerji layihələri, o cümlədən şirkətin işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırdığı layihələr və qarşılıqlı tərəfdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər ölkəmizlə bp şirkəti arasında yeni tərəfdaşlıq istiqamətlərini müzakirə ediblər.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration (Caspian Sea) Limited” şirkəti arasında sənədlər imzalanıb.
İqtisadiyyat Nazirliyi ilə “BP Exploration Limited” şirkəti arasında imzalanmış yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində yeni yaradılan HPC infrastrukturunun bp şirkətinin qabaqcıl təcrübəsi əsasında gücləndirilməsini nəzərdə tutur.
“BP Exploration Limited” şirkəti ilə SOCAR arasında imzalanmış Anlaşma Memorandumu isə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, innovativ həllərin tətbiqinə və Azərbaycanın qlobal enerji mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, HPC (yüksək məhsuldarlıqlı hesablama) infrastrukturu böyük həcmli məlumatların və mürəkkəb hesablamaların çox qısa müddətdə emalı üçün yaradılan superkompüter infrastrukturudur. Bu infrastruktur süni intellekt, böyük verilənlərin analizi, geoloji və seysmik tədqiqatlar, neft-qaz yataqlarının modelləşdirilməsi, hava proqnozları, elmi araşdırmalar, kibertəhlükəsizlik və sənaye simulyasiyaları kimi yüksək hesablama gücü tələb edən sahələrdə istifadə olunur.


