SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında çərçivə sazişi imzalanıb
Bu gün Qahirədə keçirilən 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) çərçivəsində “SOCAR Trading” şirkəti ilə Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi “SOCAR Trading”in baş icraçı direktoru Natiq Mustafayev və EGPC-nin icraçı direktoru Salah Əbdülkərim imzalayıblar.
N.Mustafayev agentliyin müxbirinə müsahibəsində bildirib ki, SOCAR artıq 15 ildir Misirlə əməkdaşlıq edir: “Bu çərçivə sazişi əməkdaşlığımızın daha da genişlənməsinə şərait yaradacaq. Müxtəlif sahələrdə investisiya və ticarət imkanlarımız artacaq”.
EGPC-nin icraçı direktoru Salah Əbdülkərim isə sazişin imzalanması münasibətilə SOCAR-ı təbrik edib. O qeyd edib ki, bu sənəd SOCAR-ın neft və qaz məhsullarının Misir bazarına çıxışını daha da asanlaşdıracaq: “Misir böyük və perspektivli bazardır. SOCAR-ın burada fəaliyyət göstərməsi bizi sevindirir. İstərdik ki, şirkət təkcə xam neft tədarükü ilə kifayətlənməsin, həm də Misirdə kəşfiyyat və hasilat sahələrində aktiv iştirak etsin”.
S.Əbdülkərim əlavə edib ki, Azərbaycan ilə Misir arasında dövlət rəhbərləri və aidiyyəti qurumlar səviyyəsində sıx əməkdaşlıq mövcuddur və ölkəsi neft-qaz sektorunda bu əlaqələrin daha da dərinləşdirilməsində maraqlıdır.
İmzalanma mərasimində Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iştirak edib.


