Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub

275

Bakı. Trend:

İtaliyada 81-ci Venesiya Film Festivalı keçirilir.

Venesiyanın Lido adasında baş tutan bu mötəbər beynəlxalq film festivalında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) rəhbərliyi də iştirak edir.

Azərbaycan kinosu tarixində ilk dəfə olaraq, festivalda iki film nümayiş olunub. Bunlar İkinci Qarabağ müharibəsinə həsr olunmuş rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və XX əsr Azərbaycan memarlığını əks etdirən rejissor Şamil Əliyevin “Yaradanlar” filmləridir. “Yaradanlar” filmində tanınmış memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı ilə yanaşı, Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların fəaliyyətlərini davam etdirməsinə və memarlığın inkişafına verdiyi töhfələr təsvir olunub.

Festival çərçivəsində ARKA-nın təşkil etdiyi müsabiqədə qalib gələn layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb olunması məqsədilə təqdimatlar da keçirilib. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək digər film layihələri də xarici prodüserlərə təqdim edilib.

Venesiya Film Festivalı, ekran əsərlərinin birgə istehsalı baxımından xarici şirkətlər və prodüserlərlə əlaqələr qurmaq üçün mühüm bir platformadır.

Qeyd edək ki, bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer almışdı. Avqustun 28-də başlayan festival sentyabrın 7-dək davam edəcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın