BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur
Bakı Dövlət Universiteti (BDU) öz xüsusi stendi ilə XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən builki sərgi “Həyat ekrandan daha böyükdür: bir uşaq, bir kitab, bir real dünya” şüarı altında baş tutur.
BDU-nun sərgi stendində universitet alimlərinin son iki ildə işıq üzü görmüş elmi və tədris nəşrləri geniş şəkildə nümayiş etdirilir. Burada kitab, dərslik və dərs vəsaitləri ilə yanaşı, “Bakı Universitetinin Xəbərləri” elmi jurnalının dörd seriyası, fakültələrin konfrans materialları və monoqrafiyalar yer alıb. Nəşrlər universitetin elmi fəaliyyətinin müxtəlif istiqamətlərini və tədris sahəsindəki nəşriyyat potensialını əks etdirir.
Sərgi iştirakçıları həmçinin BDU-nun tarixi, fəaliyyəti, elmi tədqiqatları və pedaqoji nailiyyətlərindən bəhs edən videoçarxı izləyə bilərlər. Ali məktəbin nümayəndələri ziyarətçiləri nəşrlərlə tanış edir, kitablar və digər elmi materiallar barədə ətraflı məlumat verirlər. Bundan əlavə, qonaqlara BDU loqosu əks olunmuş çap məhsulları, bloknotlar, broşürlər, dəftər və qələmlər təqdim olunur.
Universitetin builki sərgidə iştirakı təkcə kitabların nümayişi ilə deyil, həm də bir sıra təqdimatlar və elmi-ədəbi tədbirlərlə yadda qalacaq. Sərgi çərçivəsində BDU-nun təşkilatçılığı ilə beş tədbir keçiriləcək. Oxuculara akademik Nizami Cəfərovun “Birinci Türkoloji Qurultayın dərsləri” kitabı təqdim ediləcək. BDU Elmi Kitabxanasının “Şərq ölkəsi” ədəbi məclisi “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir keçirəcək. Həmçinin “BDU-nun Şərqşünaslığı”, universitetin “Media problemləri” jurnallarının, eləcə də Jurnalistika fakültəsinin kafedra müdirləri Aynur Nəsirova və Xatırə Hüseynovanın həmmüəllifi olduğu “Radiojurnalistika” dərsliyinin təqdimatı baş tutacaq.


