Dmitri Pineviç: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Dövlət başçıları – Aleksandr Lukaşenko və İlham Əliyevin xidməti sayəsində ölkələrimiz arasında yüksəksəviyyəli siyasi dialoq, qarşılıqlı hörmət və konstruktiv yanaşma mövcuddur.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
Belarusla Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafından danışan səfir bildirib ki, əməkdaşlıq bütün sahələri əhatə edir: “Maşınqayırma, tikinti, eləcə də aqrar sahələrdə mühüm işlər görülür. Azərbaycan güclü kənd təsərrüfatı ölkəsidir. Bu baxımdan, demək olar ki, bir-birimizi tamamlayırıq. Nəqliyyat sahəsində də qarşılıqlı əlaqələrimiz var. Hər iki ölkə tranzit ölkəsidir”.
Təhsil sahəsində bir sıra layihələrin icra olunduğunu deyən D.Pineviç xüsusilə peşə və ali təhsil sferasında ikitərəfli əməkdaşlığa diqqət çəkib: “Bu, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün çox vacibdir. Düşünürəm ki, uzunmüddətli layihələr növbəti bir neçə il ərzində də davam edəcək”.
İki ölkə arasında diplomatik münasibətlərə də toxunan səfir qeyd edib ki, Belarusla Azərbaycanın beynəlxalq platformalarda bir-birini dəstəkləməsi əvəzsizdir.


