Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Qız qalasında “Vyetnam günləri” - Şərqin incə zərifliyi İçərişəhərdə

68

İyulun 25-dən 30-dək Azərbaycanda “Vyetnam günləri” keçiriləcək. Bu münasibətlə iyulun 27-də İçərişəhərin simvolu olan Qız qalası meydanında xüsusi mədəni-əyləncəli proqram təşkil olunacaq.

Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşacaq bu tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirəcək.

Bu barədə AZƏRTAC-a Qoruq İdarəsindən məlumat verilib.

Bildirilib ki, meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri sərgilənəcək, zəriflik və ənənənin təcəssümü sayılan milli qadın geyimi Ao Zai nümayiş olunacaq. Eyni zamanda, qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil olunacaq.

“Vyetnam günləri” Bakıda və Hanoyda baş tutan qarşılıqlı dostluq tədbirlərinin davamı olaraq xalqlarımız arasında mədəni əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edir.

Qoruq İdarəsi gözlənilən tədbirə hər kəsi dəvət edir: “Gəlin İçərişəhərin qədim divarları arasında Şərqin başqa bir nəfəsini birlikdə duyaq”.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın