Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

24 DEKABR - AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN AD GÜNÜ!

48

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.

Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm.

Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Şavkat Mirziyoyev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə həyata keçirdikləri səfərlər və aparılmış səmərəli müzakirələr məmnunluqla xatırlanıb.

Dövlət başçıları Azərbaycan–Özbəkistan münasibətlərinin qardaşlıq, dostluq və müttəfiqlik prinsiplərinə əsaslandığını qeyd edərək, gələcəkdə də əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Əziz Qardaşım.

Sizi doğum gününüz münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı, rifah və ailənizlə birlikdə uzun ömür arzulayıram.

Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsi, regional və beynəlxalq siyasətdə nüfuzunun artması bizim üçün böyük məmnunluq və qürur mənbəyidir.

Beşinci ildönümünü birlikdə qeyd etdiyimiz şanlı Vətən müharibəsi Zəfərindən sonra həyata keçirilən sülh prosesinin davamlı bir razılaşma ilə nəticələnməsini arzu etdiyimi bir daha vurğulamaq istəyirəm. İnanıram ki, Qafqazda sabitliyin hökm sürdüyü sülh mühiti bütün regionun inkişafına xidmət edəcəkdir.

Türkiyə və Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklərə malik qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu “Bir millət, iki dövlət” prinsipi ilə hər gün daha da güclənir.

Möhkəm təməllər üzərində qurulmuş müttəfiqlik münasibətlərimiz və hər sahədə nümayiş etdirdiyimiz yüksək səviyyəli əməkdaşlıq sayəsində regionumuzun taleyini və gələcəyini formalaşdıran birgə layihələrimizi həyata keçirmək üçün güclü iradəyə malik olduğumuz birmənalıdır.

Əziz Qardaşım, Sizi bir daha doğum gününüz münasibətilə ürəkdən təbrik edir, fürsətdən istifadə edərək dost və qardaş Azərbaycan xalqının rifah və firavanlığı üçün ən xoş arzularımı çatdırıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

***

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

İsrail Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.

Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib.

Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin, həmçinin “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram.

Dmitri Medvedev

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini

***

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər.

Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir.

Sizin güclü və müdrik liderliyinizlə qardaş Azərbaycan strateji kursunuzu qətiyyətlə davam etdirərək, bundan sonra da inkişaf və tərəqqi yolunda inamla irəliləyəcəkdir.

Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin gücləndirilməsinə verdiyiniz nəhəng şəxsi töhfənizi yüksək dəyərləndirir, əsrlər boyu davam edən dostluq və qarşılıqlı dəstək ruhunda onların hərtərəfli möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirəm.

Əminəm ki, biz birgə səylərimizlə çoxşaxəli dövlətlərarası əlaqələrin bundan sonra da inkişafına yeni təkan verəcək, Qazaxıstan ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə tükənməz enerji, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram.

Hörmətlə,

Kasım-Jomart Tokayev
Qazaxıstan Respublikasının Prezidenti

***

İordaniyanın Kralı II Abdullahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Zati-alinizin doğum günü münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

II Abdullah

İordaniyanın Kralı

***

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Dekabrın 24-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Aleksandar Vuçiç dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiçin görüşləri məmnunluqla xatırlanıb, iki ölkə arasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

***

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin gərgin əməyiniz sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb.

Çoxillik səmərəli fəaliyyətiniz, yüksək peşəkarlığınız və Vətənə sədaqətlə xidmətiniz həm həmvətənləriniz arasında, həm də ölkənin hüdudlarından kənarda Sizə böyük ictimai rəğbət və nüfuz qazandırıb.

Dağıstanda Azərbaycan Respublikası ilə əsrlər boyu davam edən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan tarixi səmərəli əməkdaşlıq yüksək dəyərləndirilir.

Hörmətli İlham Heydər oğlu, qarşıdan gələn 2026-cı ildə Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Sergey Məlikov

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri

***

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və bütün planlarınızın həyata keçməsində uğurlar arzulayıram.

İqtisadi cəhətdən inkişaf edən Azərbaycan dövlətinin firavanlığına və xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda da layiqli hörmət qazandırıb.

Azərbaycan Respublikası həmişə Rusiya Federasiyası ilə əməkdaşlığın bütün sahələrində, o cümlədən regionlararası səviyyədə strateji tərəfdaş olub və olmaqda davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında qurulmuş dostluq əlaqələrini yüksək qiymətləndirir, bölgəmizlə çoxşaxəli, qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Dərin hörmətlə,

İqor Babuşkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

***

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz doğma Vətəninizə yorulmadan və sədaqətlə xidmət göstərir, onun sistemli sosial-iqtisadi və ictimai-siyasi inkişafını, sabitliyini təmin edir, ardıcıl olaraq mühüm strateji təşəbbüslər həyata keçirirsiniz.

Qoy bütün planlarınız bundan sonra da həmvətənlərinizin yekdil dəstəyi ilə səmərəli şəkildə reallaşsın, Azərbaycan Respublikasında və beynəlxalq aləmdə sahib olduğunuz yüksək nüfuz əhəmiyyətli məqsədlərinizə çatmağınıza kömək olsun!

Çoxşaxəli Rusiya-Azərbaycan tərəfdaşlığı və qlobal sülh naminə Tatarıstan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə ümidvar olduğumu bildirirəm.

Sizə və yaxınlarınıza xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi,

“Rusiya - İslam dünyası” Strateji Baxış Qrupunun sədri

***

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu sevincli günlə əlaqədar ən xoş arzularımı qəbul edin.

Sizə bu əlamətdar gündə, ilk növbədə, möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqının bundan sonra da tərəqqisi və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sevindirici haldır ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə davamlı və hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.

Dövlət başçısı vəzifəsində nailiyyətləriniz ölkə daxilində və onun hüdudlarından kənarda Sizə böyük nüfuz və hörmət qazandırıb.

Fürsətdən istifadə edərək Tacikistan ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif aspektlərinin daha da möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqətli münasibətinizi xüsusi olaraq qeyd etmək istərdim.

Əminəm ki, aramızda yaranan etibarlı siyasi dialoqa və sıx dostluğa əsaslanaraq, ölkələrimizin strateji tərəfdaşlıq çərçivəsində qarşılıqlı münasibətlərinin bundan sonra da birgə təşviqini davam etdirəcəyik.

Səmimiyyətlə,

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti

***


Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Məmnunluqla qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası sosial-iqtisadi inkişafda və xalqın həyat səviyyəsinin ardıcıl şəkildə yüksəldilməsində mühüm uğurlara nail olub.

Türk Dövlətləri Təşkilatının Sammitində iştirak etmək məqsədilə Sizin ölkənizə etdiyim səfər çərçivəsində Qəbələ şəhərində keçirilmiş görüşümüzü xüsusi səmimiyyətlə xatırlayıram. Tam əminəm ki, birgə səylərimiz sayəsində Türkmənistan-Azərbaycan əməkdaşlığı bundan sonra da qardaş xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və dərinləşəcəkdir.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişafına verdiyiniz böyük şəxsi töhfəyə və göstərdiyiniz dərin diqqətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsuliyyətli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Qurbanqulu Berdiməhəmmədov

Türkmən xalqının Milli Lideri,

Türkmənistan Xalq Məsləhətinin sədri

***

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz dost.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Uğurlu fəaliyyətiniz, dövlət işlərini səmərəli şəkildə yerinə yetirmək və beynəlxalq məsələlərin həllində kompromis əldə etmək bacarığınız haqlı olaraq Sizə bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Qarşıdan gələn Yeni ildə Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Həm iqtisadi, həm də hərbi baxımdan güclü, beynəlxalq münasibətlərdə mühüm rol oynayan bir ölkənin Prezidenti kimi qarşınızda böyük vəzifələr durur.

Hazırkı dünya çoxsaylı çətinliklərlə üzləşir. Bizim gələcəyimiz dünyanın bu çətinliklərin öhdəsindən necə gəlməsindən asılı olacaqdır.

Fürsətdən istifadə edərək, Sizə, ailənizə və xalqınıza Yeni ildə ən xoş arzularımı çatdırıram.

Səmimiyyətlə,

Stepan Mesiç

Xorvatiya Respublikasının sabiq Prezidenti

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın