Yel əsdi, bahar gəldi – Samuxda Yel çərşənbəsindən reportaj FOTO
Xalqımızın ən ülvi duyğularının — sülhün, birliyin və mərhəmətin simvoluna çevrilən, təbiətin dirilişini müjdələyən Novruzun ab-havası artıq hər bir evdə hiss olunmaqdadır. Bu müqəddəs bayrama gedən yolda hər biri bir təbiət ünsürünü (Su, Od, Yel və Torpaq) təmsil edən dörd çərşənbə minillik yaddaşımızdan süzülüb gələrək həyatın yenilənməsini vəsf edir. Üçüncü çərşənbə olan Yel çərşənbəsi isə titrəyən budaqların, əsən mehin dili ilə "Bahar gəlir!" müjdəsini pıçıldayır.
Filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyeva AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, Azərbaycan ədəbiyyatında və xalq folklorunda Yel çərşənbəsinə aid çoxlu layla, bayatı, nəğmə, atalar sözləri və deyimlər var. "Yel apardı, su gətirdi" deyimi təbiətin dövriliyini simvolizə edir. Torpağın oyanması üçün hərəkət lazım olur. Yel baba da yatmış torpağı silkələyir, oyadır, cana gətirir. “Türk mifologiyasına görə, Yel baba qanadları olan Yel atına minib dünyanın hər yerini gəzir. Qədim türklərin təsəvvüründə Yel baba dörd cür libas geyinir – ağ, qara, göy, qırmızı. “Qara yel” qərbdən, “ağ yel” şərqdən əsir. Hətta xasiyyəti tez-tez dəyişən adamlar haqqında belə deyirlər: “Elə bil ağ yellə qara yeldir”. Xəzərdən əsən yel - Xəzri göy libasda, Gilavar isə qırmızı libasda görünür. Dörd İlahi başlanğıcdan üçüncüsü olan Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir, ayinlər icra olunur. Xırman vaxtı keçirilən Yel baba mərasimi, Xıdır Nəbi bayramı və nəhayət Yel çərşənbəsi yelə olan inamla bağlıdır”, - deyə filoloq əlavə edir.
AZƏRTAC-ın bölgə müxbiri bu qədim bayram ovqatını izləmək üçün Samux rayonunun Kolayır kəndində qonaq olub.

Kənd sakini Humay Bəşirovanın həyətində əsl bayram havası vardı. Humay xala deyir ki, bu adətlər bizə dədə-babalarımızdan yadigardır. Onları yaşatmaq və gənc nəslə ötürmək olduqca vacibdir. Bahar qapıda olduğu üçün hər bir həyətdə abadlıq, təmizlik işləri aparılır, ev-eşik səliqəyə salınır. Çərşənbələri gözəl qarşılayanda baharın da uğurlu olacağına inanılır. “Külək əsir, ağacları silkələyir, torpağı oyadır. Yaz gəlir, ağaclarımız da çiçəkləyib, hava isinir. Hamımızın gözlədiyimiz gündür. Hamı kimi çalışırıq ki, süfrəmiz bol olsun, səmənimiz, müxtəlif yeməklərimiz olsun. Əsas da plov. Mən də bu gün plov bişirirəm”, - deyən Humay xala söyləyir ki, süfrədə plov həm ailənin birliyini, həm də bərəkəti simvolizə edir.
Şəkərbura, paxlava, qoğal, səməni də Yel çərşənbəsində süfrələrin yaraşığıdır. Bu şirniyyatlar bayram əhvali-ruhiyyəsinin rəmzidir. Hər biri özündə həyatın şirinliyini, qədim adət-ənənələri əks etdirir. Qızlar bu təamları Novruza aid şeirlər deyərək, mahnılar oxuyaraq, şirin-şirin söhbət edərək hazırlayırlar.
Uşaqlar yumurta döyüşdürür, müxtəlif Novruz oyunları oynayır, qapı pusur, bayram əhvali-ruhiyyəsini bölüşürlər.
Oğlanlar isə at belində çeviklik, cəsarət və bacarıq nümayiş etdirirlər. Xalq inanclarına görə, çərşənbədə ata minmək yeni başlanğıclar üçün hazırlıq rəmzidir.
Günün sonunda süfrələr bəzənir, ailə üzvləri bir araya gələrək çərşənbəni qeyd edirlər. Mərasimin kuliminasiya nöqtəsi isə tonqal qalanmasıdır. İnsanlar odun ətrafında dövrə vurur, üzərindən atlanırlar. Bu, xalq inanclarında pisliklərdən təmizlənmə, bərəkət və yenilənmə simvolu kimi qiymətləndirilir. Tonqal alovunun işığı, istiliyi ruhu və bədəni təmizləyir. Yel çərşənbəsi insana xatırladır ki, təbiətin hər bir zərrəsi kimi onun da həyat enerjisi yenilənir, təzələnir.

Beləliklə, Samuxun Kolayır kəndindən yüksələn bu bayram sədası minilliklərin yaddaşını bu günün reallığı ilə qovuşdurur. Yel çərşənbəsi təkcə təbiətin deyil, həm də insan ruhunun, ümidlərin və arzuların oyanışıdır. Yel babanın gətirdiyi o müqəddəs nəfəs Kolayırın bərəkətli süfrələrinə qədər hər yerə bahar təravəti yayır. Tonqalların istisi qəlbləri isitdikcə, yallı gedən insanların əl-ələ verməsi milli birliyimizin sarsılmazlığını bir daha dünyaya bəyan edir. Yel əsdi, torpaq oyandı, könüllər bahar nəfəsi ilə doldu... İndi növbə Torpaq çərşənbəsinə, ulu Novruza və yeni-yeni möcüzələrədir. Yel çərşənbəniz mübarək!


