Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Gürcüstan aqrar sahədə rəqəmsallaşma, “ağıllı kənd” modeli ilə bağlı Azərbaycanın təcrübəsini öyrənməyə maraq göstərir

101

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti səfər çərçivəsində Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ümummilli Liderin xatirəsini ehtiramla anıb, abidənin önünə gül dəstələri qoyublar.

Sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili arasında ikitərəfli, daha sonra nümayəndə heyətləri arasında geniştərkibli görüş keçirilib. Görüşlərdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili Gürcüstanla Azərbaycanın dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiklərini deyib. Qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır. David Sonqulaşvili ölkəsinin aqrar sahədə rəqəmsallaşma, “ağıllı kənd” modeli, istixanaların yaradılması sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsi və bu istiqamətlərdə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, elmi tədqiqat sahəsində məlumat mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılması, peşəkar kadrların hazırlanması, aqrar sahədə qabaqcıl təcrübə və texnologiyaların transferi, ikitərəfli ticarət əlaqələrinin daha da şaxələndirilməsi üçün işgüzar dairələrimiz arasında əlaqələrin gücləndirilməsi, ixracyönümlü məhsullar haqqında mütəmadi məlumat mübadiləsinin təmin edilməsi, torpaqların konsolidasiyası, transsərhəd xəstəliklər, zərərvericilər, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə tədbirlərinin aparılması, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakın təmin edilməsi, gələcək əməkdaşlığın istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirə olunan məsələlər üzrə konkret fəaliyyət planının hazırlanması, aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi üçün birgə İşçi Qrupun yaradılması ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın