“MİRAS” ilə TUSAŞ arasında müdafiə və aviasiya sahəsində genişmiqyaslı əməkdaşlıq protokolu imzalanıb

“IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin “MİRAS” şirkəti ilə Türkiyənin Aviasiya və Kosmos Sənayesi AŞ (TUSAŞ) arasında müdafiə və aviasiya sahəsində genişmiqyaslı əməkdaşlıq protokolu imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu protokol iki ölkənin müdafiə sənayesi imkanlarını birgə layihələrlə daha da inkişaf etdirməyi hədəfləyir.
Protokolda TUSAŞ ilə “MİRAS”ın, xüsusilə aviasiya parkında olan texnikanın modernizasiyası, eləcə də, bu platformaların texniki xidmət və təmir işlərində birgə fəaliyyəti nəzərdə tutulur. Eyni zamanda, beynəlxalq bazarlarda satış və tanıtım proseslərinin də hər iki şirkət tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.
İmzalanmış bu strateji əməkdaşlıq protokolu, yalnız Türkiyə və Azərbaycan deyil, üçüncü ölkələrə məxsus hava platformalarının da modernizasiya, texniki xidmət və təmir proseslərini əhatə edir.
Sənəd müdafiə sənayesində texniki potensialın regional səviyyədə genişləndirilməsini əhatə edir. Protokol, həmçinin Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin texnologiyayönümlü əməkdaşlıqlar vasitəsilə daha da möhkəmləndirilməsi məqsədi daşıyır.