Mədəniyyət naziri: "Ramiz Quliyevin irsi hər birimiz üçün örnək olaraq qalacaq"

"Xalq artisti Ramiz Quliyev Azərbaycan mədəniyyətində elə bir irs yaradıb ki, bu, zamana sığmayan mənəvi qida mənbəyidir".
Oxu.Az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli xalq artisti Ramiz Quliyevin vida mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün hamımız üçün ağır gündür:
"Mədəniyyətimizə ağır itki üz verib. Biz bütün Azərbaycan xalqı üçün dəyərli olan insanı itirmişik. O Azərbaycan mədəniyyətində elə bir irs yaradıb ki, zamana sığmayan mənəvi qida mənbəyidir.
Tar sənətini xüsusi təbliğ etməklə nəinki ölkəmizdə, dünyaya tanıtmaqla mədəniyyətimizin dünyada sevilməsində xidməti olub.
O, hər bir ifasında tarı danışdırırdı. Ruh oxşayırdı. Bu fərqli irsdir, onu hər kəs yarada bilmir.
Əvəz olunmaz alim, pedaqoq idi. Çox sayda tələbə yetişdirib.
Onun sənəti dövlətimiz üçün hər zaman dəyərli olub, diqqət və qayğı altında olub.
Həyatının fiziki olaraq sonu olsa da, o, mədəni irsimizdə silinməz iz qoyub, onun ifaçılıq sənəti, irsi hər birimiz üçün örnək olaraq qalacaq".