G7, ABŞ və Aİ-də gedən proseslər fonunda Azərbaycan rəhbərliyinin müdrik addımları Qərbdə son dərəcə ağrılı qarşılanır ŞƏRH
G7 ölkələrinin iqtisadiyyatında baş verın tənəzzül, ABŞ-da siyasi böhran və Avropa İttifaqının tam şəkildə deqradasiyası fonunda Qərb Azərbaycan rəhbərliyinin müdrik addımlarını son dərəcə ağrılı qarşılayır.
Bu fikri AZƏRTAC-la rusiyalı politoloq, “PolitRus” ekspert-analitika şəbəkəsinin rəhbəri Vitali Arkov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iştirakı ilə bağlı məsələni şərh edərkən bildirib.
Prezident İlham Əliyev ötən həftə İtaliyaya səfəri zamanı AŞPA ilə Azərbaycan arasında gərgin münasibətlərdən danışıb. O xatırladıb ki, Assambleyanın bəzi üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin təşkilata qayıtmasından sonra ləğv ediləcək: “Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq”.
Vitali Arkov bununla bağlı deyib: “Dünyada hazırkı vəziyyət elədir ki, kollektiv Qərb adlanan ölkələrdə mənzil qərargahlara yiyələnən Avropa və beynəlxalq təşkilatlar özlərinin bəyan etdikləri kimi müstəqil və qərəzsiz deyillər. Onlar bu və ya başqa dərəcədə Avropa İttifaqı ölkələrindəki hakim elitaların bürokratiyasının, daha çox isə maraqlarının ifadəçisi olduqları ABŞ-ın nəzarəti altındadır və bir çox hallarda dünya icmasının həqiqi müstəqil xarici siyasət yürüdən “inadkar” üzvlərinin “cəzalandırılması” alətidir”.
Rusiyalı politoloqun sözlərinə görə, bərabər səviyyədə olan, hörmətə və mövqelərin aydınlaşdırılmasına layiq opponentlərlə diskussiya aparmaq olar və bu, lazımdır. AŞPA və Avropa Şurası isə hazırda düşdükləri vəziyyətlə bağlı buna layiq deyillər.
Strasburqdakı anti-Azərbaycan ritorikasından danışan ekspert bu fenomenin bir neçə səbəbini qeyd edib. “Birincisi, bu, Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etməsi ilə başa çatan İkinci Qarabağ müharibəsinin nəticələrini qəti şəkildə qəbul etməyən erməni radikallarının maraqlarının davamlı lobbiçiliyidir. İkincisi, Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsi amilidir. Sonuncu Cənubi Qafqazda öz məqsədlərinə çatmaq üçün erməni amilindən istifadə edir. Emmanuel Makronu əlində bərk saxlayan Beşinci Respublikanın oliqarxiyası Azərbaycanın yanacaq-energetika kompleksinə nəzarəti La-Manş boğazı boyunca qonşularından qoparmaq, habelə Hindistan və Çindən yeni nəqliyyat dəhlizlərini yönləndirmək arzusunu gizlətmir. Bu gün “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri Aralıq dənizi limanlarında Mərkəzi və Qərbi Avropa üçün inhisar qovşağına çevrilir”.
Politoloq sözlərinə davam edərək vurğulayıb ki, üçüncü səbəb Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRICS ilə bu təşkilatlara üzvlüyünü də nəzərdə tutan səviyyədə yaxınlaşmasıdır. “Hazırda bu təşkilatların hər ikisi dünya əhalisinin əksəriyyətinin yaşadığı və beynəlxalq arenada nüfuzu sürətlə artan, güclü iqtisadiyyata malik ölkələri birləşdirir. G7 ölkələrinin iqtisadiyyatındakı tənəzzül, ABŞ-dakı siyasi böhran və Avropa İttifaqının tam deqradasiyası fonunda Azərbaycan rəhbərliyinin müdrik addımları Qərbdə son dərəcə ağrılı qarşılanır.
Dördüncüsü, təbii ki, bu yolla onlar Bakını milli maraqlara əməl etdiyinə və müttəfiqlik öhdəliklərini yerinə yetirdiyinə görə “cəzalandırmağa” çalışırlar ki, bu da özünü təkcə anti-Rusiya sanksiyalarına qoşulmaqdan nümayişkaranə şəkildə imtinada deyil, həm də Brüssel və Moskvada hesab etdikləri kimi, Qərbin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçməkdə Kremlə kömək edilməsində göstərir”, -deyə Arkov sözlərinə yekun vurub.