Gələn həftə AQEM-ə sədrlik Azərbaycana keçəcək
Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) bu il dekabrın 17-də keçiriləcək yeddinci iclasında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik Qazaxıstandan Azərbaycana keçəcək.
Trend-in AQEM-ə istinadən verdiyi məlumata görə, AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) onlayn iclası keçirilib.
İclas Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakayev və xüsusi tapşırıqlar üzrə səfir Talqat Kaliyevin sədrliyi, eləcə də, AQEM-in Baş katibi, səfir Kayrat Sarıbayın iştirakı ilə baş tutub.
Bildirilib ki, bu iclas XİNŞ-in yeddinci iclasına hazırlığın son mərhələsini əks etdirib.
Öz giriş nitqində Alibek Bakayev Komitəyə uğurlu iş arzulayıb və qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan "AQEM ruhunun" müzakirələrə istiqamət verəcəyinə və məhsuldar nəticələr əldə olunmasına kömək edəcəyinə əminliyini ifadə edib.
YVŞK-in məqsədi XİNŞ-in qarşıdan gələn iclasının uğurlu nəticələrini təmin etmək, AQEM-in 2022-ci ildə Astanada keçirilmiş son Zirvə toplantısından bəri əldə olunan nailiyyətləri təqdim etmək və 2024-2026-cı illər üçün Azərbaycanın sədrliyinə hazırlıq işlərini həyata keçirmək olub.
Yüksək vəzifəli şəxslər nazirlər tərəfindən qəbul olunacaq əsas sənədlərin, xüsusən də AQEM-in üzv dövlətləri arasında münasibətləri tənzimləyən Prinsiplər Deklarasiyasının 25 illiyinə dair AQEM-in Nazirlər Şurası Bəyannaməsi layihəsinin yekunlaşdırılmasında konsensusa nail olublar. Bu sənəd XİNŞ-in əsas siyasi nəticəsi kimi hazırlanıb.
Baş katib, həmçinin, Komitəni iclasın maneəsiz və səmərəli keçirilməsi üçün təşkilati məsələlər barədə məlumatlandırıb.
YVŞK-in müzakirələri AQEM-ə üzv dövlətlərinin Asiyada çoxtərəfli dialoq və əməkdaşlığı irəlilətmək öhdəliyini bir daha təsdiqləyib.