İntensiv meteor yağışı müşahidə olunur - Şamaxı Astrofizika Rəsədxanasından reportaj
Kvadrantid meteor yağışı maksimum aktivlik mərhələsinə daxil olub. Bu təbiət hadisəsi ötən ilin son günlərində, dekabrın 28-dən başlayıb və hazırda pik həddə çatıb. Qısamüddətli, lakin yüksək müşahidə intensivliyi ilə seçilən kvadrantidlər ilin ilk günlərində səma müşahidəçilərinin və alimlərin diqqət mərkəzindədir.
Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Kvadrantid meteor yağışı yanvarın 12-dək davam edəcək. Bununla belə, onun ən aktiv mərhələsi əsasən yanvarın 3–4-nə təsadüf edib. Digər meteor yağışlarından fərqli olaraq, kvadrantidlərin pik mərhələsi çox qısa – bir neçə saat davam edir. Məhz bu zaman intervalında Yer atmosferinə daxil olan kosmik hissəciklərin sayı kəskin şəkildə artır.
Elmi işçinin sözlərinə görə, əlverişli hava şəraiti, açıq səma və işıq çirklənməsinin az olduğu ərazilərdə saatda 80–100, bəzi hallarda isə daha çox meteor müşahidə etmək mümkündür. Bu göstərici Kvadrantid meteor yağışını intensivliyinə görə ilin ən məhsuldar astronomik hadisələrindən birinə çevirir.
Mütəxəssis bildirir ki, meteorlar əsasən asteroidlərdən və kometlərdən qopmuş kosmik toz və xırda hissəciklərdən ibarətdir. Bu hissəciklər Yer atmosferinə saniyədə on kilometrlərlə ölçülən yüksək sürətlə daxil olduqda atmosferin yuxarı qatlarında yanaraq parçalanır və səmada parlaq işıq izləri yaradır. Əksər hallarda bu hissəciklər tamamilə yanaraq toz halına düşür və Yer üçün heç bir təhlükə yaratmır. Bu baxımdan meteor yağışları astronomiya elmi üçün həm təhlükəsiz, həm də olduqca qiymətli müşahidə materialıdır.

Səbahəddin Alışov qeyd edir ki, bəzi kosmik hissəciklər nadir hallarda atmosferdə tam yanmadan Yer səthinə çata bilir. Belə hallarda onlar meteorit adlandırılır: “Tarix boyu meteoritlərin Yerə düşməsi faktları qeydə alınsa da, bu hadisələr son dərəcə nadir xarakter daşıyır. Ümumiyyətlə, meteoritlərin yaşayış məntəqələrinə düşmə ehtimalı demək olar ki, yoxdur. Əksər hallarda bu cisimlər okeanlara, dənizlərə, səhralara və ya yüksək dağlıq ərazilərə düşür”.
Elmi işçi onu da vurğulayır ki, bəzi meteor yağışları, xüsusilə yay aylarında müşahidə olunan Perseidlər zamanı meteorit düşmə ehtimalı nisbətən daha yüksəkdir. Lakin Kvadrantid meteor yağışı zamanı bu ehtimal demək olar ki, sıfra bərabərdir və hadisə tam təhlükəsiz xarakter daşıyır.
Şamaxı Astrofizika Rəsədxanasının yerləşdiyi ərazi işıq çirklənməsinin az olması və əlverişli coğrafi mövqeyi ilə seçildiyindən astronomik hadisələrin müşahidəsi üçün idealdır. Rəsədxanada aparılan müşahidələr Kvadrantid meteor yağışı zamanı kosmik toz axınlarının dinamikasının, Yer atmosferində baş verən ionlaşma proseslərinin və yüksək atmosfer qatlarının fiziki xüsusiyyətlərinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edir.

Rəsədxana mütəxəssisləri hava şəraiti imkan verdiyi halda vətəndaşlara xüsusilə gecənin ikinci yarısından sübh saatlarına qədər şəhər işıqlarından uzaq, açıq ərazilərdə səmaya diqqət yetirməyi tövsiyə edirlər. Meteor yağışını izləmək üçün heç bir xüsusi teleskop və ya optik cihaz tələb olunmur. Bu ecazkar təbiət hadisəsini adi gözlə müşahidə etmək mümkündür.
Tarixi faktlara nəzər saldıqda məlum olur ki, Azərbaycanda da nadir meteorit düşmə halları qeydə alınıb. Belə hadisələrdən biri 1959-cu ilin noyabr ayında baş verib. Həmin vaxt 127 kiloqram çəkisi olan meteorit Yardımlı ərazisinə düşüb. Aparılan elmi araşdırmalar nəticəsində bu meteoritin tərkibinin 92,5 faiz dəmir, 6,7 faiz nikel və 0,4 faiz kobaltdan ibarət olduğu müəyyən edilib. Hazırda bu nadir kosmik tapıntı Şamaxı Astrofizika Rəsədxanasının muzeyində saxlanılır və rəsədxanaya gələn ziyarətçilərə nümayiş etdirilir. Bu eksponat həm elmi, həm də maarifləndirici baxımdan xüsusi əhəmiyyət daşıyır.


