Əməkhaqqı və pensiya ödənişlərində edilən yeniliklərin üstünlükləri:

Azərbaycanda əməkhaqqı və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərin əməkhaqları və digər ödənişləri elektron ödəmə sistemi vasitəsilə onların sərbəst şəkildə seçdikləri bank hesabına köçürüləcək.
Bu yenilik hansı üstünlükləri vəd edir?
"Day.Az"ın məlumatına görə, bunu "Globalinfo.az"a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib. Onun sözlərinə görə, ölkədə pensiya ödənişləri sahəsində bank monopoliyası mövcuddur.
"Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da bizimlə görüşdə bundan bəhs etmişdi. Əgər pensiyaçılara pensiyalarını müxtəlif banklar vasitəsilə almaq imkanı yaradılarsa, bu, ilk növbədə, onlara rahatlıq təmin edəcək. İnsanlar özlərinə daha yaxın olan bankı seçə biləcəklər. Bundan əlavə, bir bankın bankomatları qarşısında yaranan növbələr azalacaq, çünki yük müxtəlif maliyyə qurumları arasında bölüşdürüləcək. Beləliklə, bank monopoliyası da aradan qaldırılacaq.
Bir qayda olaraq, insanlar daha çox kredit götürür, digər bank xidmətlərindən istifadə edirlər və əməkhaqqı və ya pensiya aldıqları bankların kartlarına üstünlük verirlər. Bu baxımdan, digər bankların sistemə qoşulması onlara bərabər rəqabət imkanları təmin edəcək", - deyə iqtisadçı qeyd edib.
Rəşidovun sözlərinə görə, əməkhaqqının ödənilməsi qaydası haqqında qərarı müəssisələrin özləri verir.
"Əməkdaşlıq ediləcək və əməkhaqlarının köçürüləcəyi bankın seçimi müəssisənin ixtiyarındadır. Buna görə də bu sahədə hər hansı konkret bankın ümummilli miqyasda monopoliyasından danışmaq düzgün deyil. Bununla belə, müəyyən amillər səbəbindən ayrı-ayrı banklar əməkhaqqı layihələrinə xidmət göstərərkən üstünlük əldə edə bilərlər. Bu prosesə hətta qeyri-şəffaf mexanizmlər, müxtəlif növ təzyiqlər və ya ayrı-ayrı şəxslərin maraqları da təsir göstərə bilər.
Digər bankların sistemə qoşulması əməkhaqqı alanlara özləri üçün ən əlverişli olan, o cümlədən yaşayış yerinə yaxın yerləşən bankı sərbəst seçməyə imkan verəcək. Eyni zamanda, banklar arasında rəqabət şəraiti daha bərabərhüquqlu olacaq ki, bu da bütövlükdə bank sektoruna müsbət təsir göstərəcək", - deyə o izah edib.
İqtisadçı onu da qeyd edib ki, müəyyən mənada bu dəyişikliklərdən şirkətlər zərər çəkə bilər.
"Əgər əvvəllər müəssisə əməkhaqqı vəsaitlərini bir bank vasitəsilə köçürürdüsə, indi bir neçə bankla birdən əməkdaşlıq etməli olacaq. Əvvəlki sistemdə şirkətlər bir bankla işləməklə ayrı-ayrı xidmətlərə görə endirimlər alır, daha rahat xidmətdən yararlanır və mühasibatlığın aparılmasını sadələşdirirdilər. Yeni qaydalar mühasibatlıq xidmətlərinin yükünü artıra və şirkətlərin müəyyən güzəştlərdən məhrum olmasına səbəb ola bilər", - deyə Rəşidov əlavə edib.


