Azərbaycan Naşirlərinin I Forumunun proqramı açıqlanıb
Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum olub.
ANAİB-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək Azərbaycan Naşirlərinin I Forumu aprelin 26-da AMEA-da təşkil ediləcək.
Forumun açılış mərasimində ANAİB-in İdarə Heyətinin sədri Şəmil Sadiq, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu, eləcə də ölkənin mədəni ictimaiyyətinin tanınmış simaları çıxış edəcəklər.
Forumda nəşriyyat məhsulları və strategiyalarının sərgisindən, nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellər təşkil olunacaq.
5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.
Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Oxu Günü-10” sərgi-festivalı da keçiriləcək.