Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian”
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və onunla paralel keçirilən “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, üç gün ərzində Bakı Expo Mərkəzində müdafiə sənayesi və daxili təhlükəsizlik sahəsinin müxtəlif istiqamətləri nümayiş olunub, sərgi pavilyonları və stendləri müasir texnologiyaların təqdim edildiyi məkana çevrilib.
“ADEX 2026” sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər və C4ISR texnologiyaları, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, videonəzarət sistemləri və təhlükəsizlik siqnalları, zirehli döyüş nəqliyyat vasitələri və digər sahələr təmsil olunub. Sərgidə nümayiş olunan yeniliklər arasında hərbi nəqliyyat vasitələri və atıcı silah həlləri də xüsusi yer tutub.
“ADEX” ilə paralel keçirilən “Securex Caspian” sərgisində kibertəhlükəsizlik sektoru diqqət mərkəzində olub. Bu istiqamətdə ən son texnologiyalar, innovativ həllər və qabaqcıl yanaşmalar nümayiş etdirilib. Sərgi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatları, kompleks mühafizə sistemlərini və perspektivli texnoloji həlləri nümayiş etdirib. Sərgidə ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, hüquq-mühafizə orqanları üçün xüsusi avtomobillər, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, təhlükəsizlik sahəsində təhsil, videomüşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, eləcə də yanğın təhlükəsizliyi bölmələri təqdim edilib.
“ADEX” və “Securex Caspian” sərgilərində bu il ümumilikdə 53 ölkədən 280 şirkət və 59 xarici rəsmi nümayəndə heyəti təmsil olunub. Sərgilərdə stendlə təmsil olunan ölkələr arasında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Litva, Macarıstan, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləri yer alıb. ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan sərgilərdə milli pavilyonla təmsil olunub.
Üç gün davam edən sərgilər müdafiə sənayesindən daxili təhlükəsizliyə, hərbi texnikadan kibertəhlükəsizlik həlləri və xilasetmə avadanlıqlarına qədər geniş istiqamətləri bir araya gətirib. “ADEX” və “Securex Caspian” öz qapılarını bağlasa da, sərgi pavilyonlarında nümayiş olunan texnologiyalar müdafiə sənayesi və daxili təhlükəsizlik sahəsində müasir imkanların geniş mənzərəsini ortaya qoyub.


