Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Regional enerji bağlantılarının və yaşıl keçidin inkişafına dair müzakirələr aparılıb

30

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar” mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada regional enerji bağlantılarının və yaşıl keçidin inkişafı, bərpaolunan enerji layihələrinə investisiyaların cəlb edilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məsələləri müzakirə olunub.

“The European House - Ambrosetti" ("TEHA Group") beyin mərkəzinin rəsmisi Alessandro Vivianinin moderatorluq etdiyi panel sessiyada Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkəmizin Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya arasında regional enerji bağlantılarının və enerji təhlükəsizliyinin gücləndirilməsində rolunu vurğulayıb. Bərpaolunan enerji və yaşıl infrastruktur layihələri barədə məlumat verilib.

Paneldə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, “SOCAR Green” MMC-nin baş direktoru Elmir Musayev, İtaliyanın “Intesa Sanpaolo” bankının qlobal korporativ bankçılıq üzrə enerji sənayesi rəhbəri Luka Matrone, Çinin ISETS (International Society for Energy Transition Studies) Şurasının sədri Syanşen Sun, “Çalık Holding”in İdarə Heyətinin sədri Ahmet Çalık, “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin baş direktoru Tural Əliyev çıxış ediblər.

Sessiyada bərpaolunan enerji və yaşıl infrastruktur layihələrinə investisiyaların cəlb edilməsi üçün əlverişli siyasət və tənzimləyici çərçivələrin formalaşdırılması, eləcə də bu layihələrin həyata keçirilməsində texnologiya, avadanlıq və maliyyələşdirmə imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib. Transsərhəd enerji layihələrinin, o cümlədən yaşıl elektrik enerjisinin ötürülməsi və regional enerji bazarlarının inteqrasiyasının inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib. Eyni zamanda, yaşıl keçidin sürətləndirilməsi fonunda enerji təhlükəsizliyinin və sənaye rəqabətqabiliyyətliliyinin qorunması, habelə İtaliya ilə enerji və yaşıl keçid sahəsində strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətləri diqqət mərkəzində olub.

Xatırladaq ki, Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, “The European House - Ambrosetti”nin strateji tərəfdaşlığı ilə keçirilən forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın