Səma sirlərinə açılan pəncərə
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası.
Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, Pirqulu dağının zirvəsində yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına üz tutan qonaqlar burada göy cisimlərini teleskop vasitəsilə müşahidə etmək imkanı qazanırlar. Rəsədxanada qurulan müşahidə şəraiti və təqdim edilən eksponatlar turistlər üçün unudulmaz təəssüratlar yaradır.
Rəsədxananın ərazisində fəaliyyət göstərən astronomik muzeyə giriş ödənişlidir. Məktəbəqədər yaşlı uşaqlar isə pulsuz daxil ola bilərlər. Gündüz saatlarında muzeydəki eksponatlarla, teleskoplarla və astronomiya tarixi ilə tanışlıq imkanı təqdim olunur.
Gecə səması ilə maraqlananlar üçün xüsusi şərait yaradılıb. Havanın aydın olduğu vaxtlarda teleskop vasitəsilə qalaktika, ulduz, Günəş və digər səma cisimləri müşahidə edilir.
Pirqulu Astronomiya Stansiyasında 1957-ci ildə ilk teleskop - Xromosfer-Fotosfer Günəş teleskopu qurulub. 1959-cu ildə isə 200 millimetrlik fotoelektrik teleskop istifadəyə verilib və onun vasitəsilə ərazinin astroiqliminin öyrənilməsi məsələsi öz həllini tapıb. 1962-ci ildə Üfüqi Günəş teleskopu, 1964-cü ildə AST-452 teleskopu,1970-ci ildə AZT-8 teleskopu, 1980-cı ildə “Zeiss-600” teleskopu istifadəyə verilib.

2009-2013-cü illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə rəsədxanada genişmiqyaslı yenidənqurma işləri aparılıb. Yaşayış korpusu və elmi laboratoriyalar əsaslı şəkildə təmir olunub, teleskop binaları müasir standartlara uyğunlaşdırılıb, iki metrlik teleskop avtomatlaşdırılıb.
Hazırda rəsədxanada Almaniya istehsalı olan 6 teleskop vasitəsilə tədqiqatlar aparılır. Burada 2 Günəş teleskopu da fəaliyyət göstərir. 25 hektar ərazini əhatə edən bu unikal elmi mərkəz yalnız araşdırmalar üçün deyil, həm də maarifləndirici və turistik məkan kimi diqqət çəkir. 1959-cu ildə Yardımlıya düşən meteoriti də burada görmək olar.
Şamaxı şəhərindən 22 kilometr məsafədə yerləşən bu səma müşahidə mərkəzi həm zəngin elmi irsi, həm də füsunkar təbiəti ilə istirahət və öyrənmə imkanlarını bir araya gətirir. Bu rəsədxana turistlər üçün səma sirlərinə açılan pəncərədir.


