Son iyirmi ildən artıq müddətdə Azərbaycanın EXPO beynəlxalq sərgilərində iştirakı ölkənin zəngin mədəni irsinin təqdimatından tutmuş dayanıqlı inkişaf, innovasiyalar və dünyaya açıqlığın nümayişinə kimi - ölkənin transformasiyasını əks etdirən şərəfli bir ənənəyə çevrilib. Azərbaycanın EXPO-dakı iştirakı yalnız ekspozisiyalar və pavilyonlarla məhdudlaşmır – bu, milli kimliyin təkamülü, açıq dialoqa və dayanıqlı gələcəyə can atma, mədəni diplomatiyanın və milli imicin yetkin modelinin formalaşma yoludur. Bu iştirak, eyni zamanda, Azərbaycanın qlobal miqyasda ideoloji və estetik istiqamətini təmin edən vacib vasitədir. Hannoverdən Osakayadək Azərbaycan ənənələri, texnologiyaları və strateji düşüncəni vahid mədəni mesaja çevirmə qabiliyyətini inamla nümayiş etdirərək, beynəlxalq nüfuzun güclü bir alətini yaradır.
Belə irimiqyaslı layihələrdə iştirakın əsas mahiyyəti və zərurəti nədən ibarətdir?
İlk növbədə, EXPO Ümumdünya sərgisi - sənayeləşmənin rəmzi və texniki, texnoloji nailiyyətlərin, bu gün aktual olan ekoloji sahənin və mədəni diplomatiyanın nümayişi üçün açıq platforma kimi xidmət göstərən beynəlxalq sərgidir. EXPO sərgiləri 1831-ci ildən etibarən dünyanın müxtəlif böyük şəhərlərində keçirilir, ekspozisiyalar altı ay davam edir və milyonlarla tamaşaçını cəlb edir.
Azərbaycan ümumdünya EXPO sərgilərində fəal mədəni, ekoloji və diplomatik mövqeyini davamlı şəkildə nümayiş etdirir, milli pavilyonları təkcə ölkənin vitrinlərinə deyil, həm də güclü "yumşaq güc" alətlərinə çevirir. Müxtəlif EXPO sərgilərindəki iştirakın müqayisəsi Azərbaycanın özünü təqdim etmə strategiyasının necə transformasiya olunduğunu və bu prosesdə Heydər Əliyev Mərkəzinin nə dərəcədə mühüm rol oynadığını izləməyə imkan verir.
2000-ci ildə Azərbaycan ilk dəfə olaraq Almaniyanın Hannover şəhərində keçirilən EXPO sərgisində iştirak edib. 180 ölkənin qatıldığı bu sərgini 18 milyon insan ziyarət etmişdi. “İnsanlıq, təbiət və texnologiyalar” mövzusu “Ənənələr və mədəniyyət” ekspozisiyasına da çalar qatdı. Azərbaycan burada öz zəngin mədəni irsini, ənənəvi sənətkarlığını və musiqisini nümayiş etdirməklə, özünü unikal və tarixi kimliyi olan bir ölkə kimi tanıtmış oldu.
2005-ci ildə Yaponiyanın Ayçi şəhərində keçirilən EXPO-da Azərbaycan “Təbiətin müdrikliyi” şüarı altında iştirakını davam etdirdi. 118 ölkənin qatıldığı və 22 milyon insanın ziyarət etdiyi bu sərgidə “Təbiət və mədəniyyətin harmoniyası” ekspozisiyası ölkəmizin biomüxtəlifliyini və onun qorunmasının zəruriliyini vurğuladı. Bu, Azərbaycanın gələcək iştiraklarında daha dərin ekoloji yanaşmanın carçısı oldu.
2010-cu ildə Çinin Şanxay şəhərində “Yaxşı şəhər – yaxşı həyat” şüarı altında sərgi keçirildi. 190-dan çox ölkənin iştirak etdiyi və 73 milyon nəfərin ziyarət etdiyi bu EXPO-da Azərbaycan müasir şəhərsalma və ekoloji cəhətdən dayanıqlı layihələrə diqqət çəkmiş oldu. “Şəhərlərin dayanıqlı inkişafı” adlı ekspozisiya ənənələrdən innovasiyalara keçidi vurğulamaqla, urbanistika, memarlıq və texnoloji tərəqqi sahəsindəki nailiyyətləri nümayiş etdirdi.
Həqiqi sıçrayış 2015-ci ildə İtaliyanın Milan şəhərində keçirilən “Planetimizi qidalandıraq, həyat üçün enerji toplayaq” şüarı ilə baş tutan EXPO-da yaşandı. Təxminən 2000 kv.m ərazidə yaradılan “Azərbaycan – bioloji müxtəlifliyin xəzinəsi” adlı pavilyon sərginin həqiqi mirvarisinə çevrildi. Dörd mərtəbəli və üç biosferadan ibarət bu məkan təbiət və mədəniyyətin harmoniyasının vizual metaforası oldu. Hər mərtəbədə milli kimliyin müxtəlif aspektləri – səslərdən və mənzərələrdən tutmuş milli mətbəxin dadlarına qədər – təqdim olunurdu.
Xüsusilə IDEA-nın Bioloji Müxtəliflik Parkı ölkənin ekoloji təşəbbüslərinə diqqət çəkirdi. 145 iştirakçı ölkədən yalnız 54-ü, o cümlədən, Azərbaycan, öz milli pavilyonlarını təqdim etmişdi. İtaliya hökuməti Azərbaycanın pavilyonunu “Milanın mirvarisi” adlandırmış və o, ekoloji dizayna görə mükafat qazanaraq, öz kateqoriyasında ən gözəl pavilyon seçilmişdi. Milan EXPO 2015 sərgisinə ümumilikdə 23 milyondan çox insan baş çəkmiş, Azərbaycan pavilyonunu isə 3 milyon 250 mindən çox insan ziyarət etmişdi!
Bu uğur böyük ölçüdə Heydər Əliyev Fondu tərəfindən təbliğ olunan dəyərlərlə bağlı idi – fonun estetikası və dayanıqlı inkişaf fəlsəfəsi pavilyonun konsepsiyasında aydın şəkildə əks olunmuşdu.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində COVID-19 pandemiyasına görə 2021-2022-ci illərə təxirə salınaraq keçirilmiş EXPO 2020 sərgisi “Zəkaları birləşdirərək gələcəyi qurmaq” mövzusu ilə təşkil olundu. 193 ölkənin iştirak etdiyi və 23 milyondan çox ziyarətçinin qatıldığı bu sərgidə Azərbaycan yenidən ön sıralarda yer aldı! “Gələcəyin toxumları” adlı pavilyon ən çox ziyarət edilənlərdən biri oldu – təxminən 2,5 milyon insan! Bu dəfə təqdimat vizual ekspozisiyadan ideoloji bir mesaja keçidi simvolizə edirdi: davamlı gələcək insan kapitalının inkişafı və mədəni dialoq vasitəsilə mümkündür. Burada azad olunmuş ərazilərin bərpası və milli kimliyin müasirlik prizmasından təqdimatına xüsusi diqqət yetirilmişdi. Pavilyon nüfuzlu “Exhibitor” nəşri tərəfindən “Ən yaxşı orta ölçülü pavilyon” və “Ən yaxşı tematik pavilyon” kimi tanınıb. Burada təqdimatlar, konsertlər, sərgilər və işgüzar görüşlər pavilyonu təkcə mədəni deyil, həm də işgüzar mərkəzə çevirdi. Heydər Əliyev Mərkəzi yenidən bu beynəlxalq layihədə əsas iştirakçı oldu – təkcə vizual ardıcıllığı təmin etmədi, eyni zamanda, layihəyə fəlsəfi dərinlik bəxş etdi.
Bu il Azərbaycan təbiət mövzusunu davam etdirərək Yaponiyanın Osaka şəhərində keçirilən və “Gələcək cəmiyyətin layihələndirilməsi: həyatımız üçün” şüarı altında təşkil olunan EXPO 2025 sərgisində iştirak edir. 165 ölkənin iştirak etdiyi və 28 milyon qonağın gözlənildiyi bu sərgidə Azərbaycanın pavilyonu “Dayanıqlılığın yeddi körpüsü” konsepsiyası ilə təqdim olunub. Bu ideya dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından ilhamlanaraq, mədəni irsi, dayanıqlılıq prinsiplərini və innovativ yanaşmaları birləşdirir. Körpülər açıq dialoq, müxtəliflik, etimad, yaradıcılıq, texnologiyalar, dayanıqlılıq və inklüzivliyi simvolizə edir. Sərgi bu günlərdə – 17 aprel tarixində açılıb, lakin Azərbaycanın pavilyonu dərhal ziyarətçilərin böyük marağına səbəb olub. Üstəlik, “Architecture & Design” nəşrinə görə, Azərbaycanın pavilyonu sərginin TOP-10 ən gözəl pavilyonu sırasına daxil olub. Pavilyonun konsepsiyası böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən ilhamlanaraq formalaşdırılıb.
Azərbaycanın EXPO 2025 Osaka sərgisində iştirakı ölkənin mədəni diplomatiyasında yeni mərhələ olmağa namizəddir. Bu layihədə Heydər Əliyev Mərkəzi pavilyonun konsepsiyası və reallaşdırılmasında əsas kurator, bütün mədəni proqramların isə strateji əlaqələndiricisi kimi çıxış edir.
Beləcə, EXPO 2025-də iştirak təkcə mədəniyyət və tərəqqi arasında birləşdirici bağın uğurlu uzantısı deyil, həm də Azərbaycanın beynəlxalq miqyasda ideyalar ölkəsi, zəngin tarixi və gələcəyi olan ölkə kimi tanınmasına verilən böyük töhfədir.