AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI

"Qazaxıstan hökuməti Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzasının səbəbləri haqqında yekun hesabatı 2025-ci ilin dekabrına qədər tamamlamalıdır".
Oxu.Az-ın nur.kz-a istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev brifinqdə bildirib.
O qeyd edib ki, ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı - red.) tələblərinə və tövsiyə olunan təcrübə standartlarına əsasən araşdırma müddəti bir ildir.
"Müvafiq olaraq, cari ilin dekabrına qədər Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının araşdırılması üzrə yekun hesabat tamamlanmalıdır", - deyə Lastayev təyyarə qəzasının araşdırılması müddəti ilə bağlı suala cavab verib.
Xatırladaq ki, dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. Cari il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.