Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

İsmayıl Şıxlının anadan olmasının 105 illik yubileyi qeyd olundu

539

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində görkəmli yazıçı, pedaqoq, dramaturq, ictimai-siyasi xadim İsmayıl Şıxlının 105 illik yubileyi ilə əlaqədar tədbir keçirdi.

Tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin, Böyük Vətən müharibəsində həlak olan həmvətənlərimizin və xalq yazıçısı İsmayıl Şıxlının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq qonaqları salamladı. O, xalq yazıçısının həyat və yaradıcılığından danışdı, onun tarixi şəxsiyyət kimi Azərbaycanın müstəqilliyi yolunda böyük xidmətlərinin olduğunu vurğuladı. L.Məmmədova İsmayıl Şıxlının “Dəli Kür” romanının onun yaradıcılığının simvolu olduğunu bildirdi. Və xalq yazıçısının adına yük gəmisi, Qazax rayonunun Kosalar kənd orta məktəbdə büstü, Qazax şəhərində abidəsi və yaşadığı binanın önündə xatirə lövhəsinin olduğunu vurğuladı. O, Ulu Öndərin İ.Şıxlı haqqında sitatlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. İ.Şıxlını böyük həqiqətsevər və həqiqət kimi sadə insan adlandırdı.

Milli Məclisin deputatı Aydın Mirzəzadə İsmayıl Şıxlının yaradıcılığının çox zəngin olduğunu bildirdi və qeyd etdi ki, xalq yazıçısının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazılmış, roman janrının ən uğurlu nümunəsidir. O, möhtəşəm, güclü əsərdir. Yazıçı romanın üzərində 10 il çalışmışdır.

Moldova Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Aleksandr Esaulenko tədbirə dəvətə görə öz təşəkkürünü bildirdi. O, çıxışında yazıçının “Dəli Kür” romanının 10 il ərzində qələmə aldığını qeyd etdi. Bildirdi ki, İ.Şıxlı həm də Azərbaycanda neorealizmin yaradıcısı kimi tanınır.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi Mariya Alimova-Nefedova Səfir adından qonaqları salamladı. O, İ.Şıxlının nümunəvi həyat yolu keçdiyini, Azərbaycan xalqının tarixində, ədəbiyyatında dərin və zəngin irs qoyduğunu vurğuladı.

Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli və Dədə Qorqud Vəqfinin rəhbəri, “Azərbaycan dünyası” jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayıl ədibin zəngin yaradıcılığından söhbət açaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar. Q.Məhərrəmli həmçinin, İ.Şıxlının sonuncu əsəri “Ölən dünyam” romanı haqqında danışdı. Bu əsər yazıçının ömrünün son akkordu idi. E.İsmayıl Qaysın Quliyev və İsmayıl Şıxlı haqqında maraqlı məlumatlar danışdı.

Şair, yazıçı Sevinc Ağa Xəlilqızı çıxışında qeyd etdi ki, İ.Şıxlı yaradıcılığa şeirlə başlasa da, daha sonra nəsrə keçir. Onun əsərlərini oxuyan hər bir kəs etiraf edə bilər ki, yazıçının bəzi xüsusiyyətləri “Dəli Kür” romanında Cahandar ağanın özüdür. S. Ağa Xəlilqızı “Dəli Kür” romanına həsr etdiyi şeiri oxudu.

Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov tədbirin təşkilinə görə təşəkkürünü bildirdi və İ.Şıxlı ilə bağlı maraqlı xatirələrini bölüşdü.

Respublika Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədr müavini Vidadi Şabanov İ.Şıxlının Böyük Vətən müharibəsindəki iştirakından və aldığı orden, medallar haqqında danışdı. V.Şabanov tədbir təşkilatçılarına təşəkkür etdi və şəhid ailələri, müharibə iştirakçılarına göstərdikləri qayğı və diqqətə görə tədbirin təşkilatçılarının, tədbir iştirakçılarını və bir sıra qonaqları Fəxri fərmanlarla təltif etdi.

“Altun kitab” nəşriyyatın rəhbəri Rafiq İsmayılov çıxışında vurğuladı ki, İ.Şıxlı yaradıcılığı olmasaydı Azərbaycan ədəbiyyatı növbəti onilliklərdə başqa cür olardı.

AJB-nin üzvü, jurnalist Arif Əliyev qeyd etdi ki, İ.Şıxlı Cahardan ağadan da xeyli üstündür. Yazıçılar arasında belə mənəviyyat mayakı olan azdır.

Yazıçı, esseist Səbinə Yusif Şıxlınskilər ailəsi ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. O qeyd etdi ki, yazıçının “Ölüləri qəbiristanlıqda basdırın” hekayəsi tərbiyəvi məzmundadır, “Ayrılan yollar” romanında isə keşməkeşli insan həyatı ustalıqla təsvir olunmuşdur.

Şair Zərəngiz Mansurova xalq yazıçısı İsmayıl Şıxlıya həsr etdiyi şeiri söylədi.

Azərbaycan Kooperasiya Universitetinin müəllimi, dosent Cəmilə Qacarlı tədbirə dəvətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən ədibin oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Ədibin gəlini Sevinc Şıxlı çıxışında qeyd etdi ki, görkəmli yazıçı haqqında danışılanda böyük qürur hissi keçiririk. Bu isti münasibəti bizə aşıladığınıza görə minnətdarıq. Sonra S.Şıxlı tədbir təşkilatçılarına minnətdarlığını bildirdi.

Tədbirin bədii hissəsində muğam müsabiqəsinin iştirakçısı, Ağdam rayon Xan Şuşinski muğam Musiqi Məktəbinin müəllimi Oksana Aslanova “Segah” təsnifini, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Ağdam rayon Xan Şuşinski Muğam Musiqi Məktəbinin şagirdi Mətin Cəfərov “Qatar” təsnifini ifa etdi. Onları tarda Fərhad Məmmədov, kamançada Xətayə Cəfərova, nağarada Sabir Həsənov müşayiət edirdilər.

Tədbirdə İlkin Rəhimlinin ifasında “Ana Kür”, İlahə Əliyevanın ifasında “Bayatılar” təqdim olundu. Nihad Həsənov, Hüseyn Qəmərli, İlkin Rəhimli “Dəli Kür” kinofilmindən “Yumurta döyüşdürmə səhnəsi”ni nümayiş etdilər. “Mehriban” Vokal və Rəqs Qrupunun ifasında “День Победы” mahnısı ifa olundu (Fatimə Məmmədova, Nərmin Yaqubova, Nərmin Talıbova, Məryəm Bəbirli, Nilgün Şərifova, Nadir Ağazadə, Mədinə Sadıqova). Bədii rəhbər Esmiralda Hüseynovadır.  

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi, aktrisa Zülfiyyə Eldarqızı yazıçının “Ölən dünyam” romanından bir parça səsləndirdi.

Konsertdə çıxış edən ifaçılar M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəxri fərmanları ilə təltif olundular.

Millət vəkili A.Mirzəzadə və ədibin oğlu E.Şıxlı M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu kimi Azərbaycan mədəniyyəti və incəsənətini yüksək səviyyədə təbliğ etdiyinə və İsmayıl Şıxlının 105 illik yubileyi ilə əlaqədar fəxri diplomla təltif olundular.

Tədbir iştirakçıları M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı Elvira Məmmədova və Göyçay rayon MKS-nin şöbə müdiri Pərvanə Həsənova tərəfindən hazırlanan İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunmuş videoçarxları maraqla izlədilər.

        Yubiley tədbirində ziyalılar, KİV və geniş ictimaiyyət nümayəndələri iştirak etdilər.

Videoçarxlar aşağıdakı keçiddə yerləşdirilmişdir.

https://www.youtube.com/watch?v=6RvlkVZ7T3s&t=25s

https://www.youtube.com/watch?v=MXJXATmFy1Y&t=44s

https://youtu.be/xw0EVUU9O3E?si=H_VTz9nqC-N3dX63

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın