“WINTER LAB” ekoloji startaplar proqramının birinci mərhələsi “Sea Breeze”də keçirilib
“Sea Breeze” sosial-ekoloji “EkoSfera” mərkəzi ilə əməkdaşlıq çərçivəsində 6–22 yaş arası uşaqlar və gənclər arasında ekoloji düşüncənin və sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş “WINTER LAB” təhsil proqramını istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, təşəbbüs kurort şəhərinin gələcək inkişafında tətbiq oluna biləcək praktiki “yaşıl həllərin” yaradılmasına istiqamətlənib.
Proqramın birinci mərhələsi dekabrın 20–21-də keçirilib və iki gün ərzindəki təlim sessiyalarında, master-klaslarda, komanda işində iştirak edən, eləcə də ekoloqlar, dizaynerlər və memarlardan mentor dəstəyi alan 40 iştirakçını bir araya gətirib.
Təhsil sessiyaları “yaşıl ideyalar”ın əsas istiqamətlərinə həsr olunub. Bu istiqamətlərə kurortun təbii və landşaft məkanının inkişafı, ekoloji təmiz uşaq oyun zonalarının yaradılması, tullantıların çeşidlənmiş şəkildə yığılması, yaşıl marşrutların və ekomaarifləndirici həllərin formalaşdırılması, həmçinin günəş enerjisindən istifadə etməklə innovativ istirahət formatlarının tətbiqi daxildir.
Proqramın yekununda “Sea Breeze” ərazisində reallaşdırıla biləcək üç layihə seçiləcək. Bu da “WINTER LAB”ı gənc nəslin dayanıqlı kurort mühitinin formalaşdırılmasına cəlb edildiyi ən praktikyönümlü təşəbbüslərdən birinə çevirir. Proqramın 2026-cı ildə davam etdirilməsi planlaşdırılıb.
“Sea Breeze” ekoloji cəhətdən dayanıqlı layihələrin inkişafına və yaşayış, eləcə də istirahət üçün harmonik mühitin yaradılmasına yönəlmiş təşəbbüsləri qürurla dəstəkləyir. Kurort şəhəri təmsil olunduğu istənilən ölkədə ən ekoloji kurort şəhərinə çevrilməyi qarşısına məqsəd qoyub. Layihə tikintinin bütün mərhələlərində ekoloji ekspertizadan keçirilir, ərazidə suyun və torpağın keyfiyyəti mütəmadi təhlil olunur, bütün mühəndis sistemlərinin fəaliyyəti nəzarətdə saxlanılır. Ərazidə artıq 11 milyondan çox ağac və bitki əkilib, yeni yaşıllaşdırma işləri davam etdirilir.


