Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Prezident İlham Əliyev BP-nin yeni baş icraçı direktorunu qəbul edib +Video

412

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.

Trend xəbər verir ki, Mürrey Aukinklos İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirdi.

Bakıya səfərindən məmnunluğunu ifadə edən qonaq Azərbaycanın 30 ildə qazandığı nailiyyətlər münasibətilə də təbriklərini çatdırdı, bu müddətdə ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin iqtisadiyyatımızın inkişafına yönəldilməsinin önəmini vurğuladı. Mürrey Aukinklos Azərbaycan ilə BP-nin əməkdaşlığını məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev uzun illər ərzində ölkəmizin BP ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini dedi. Dövlətimizin başçısı 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin önəmini vurğulayaraq, həmin dövrdən başlayaraq Azərbaycan ilə BP arasında strateji tərəfdaşlığın həyata keçirildiyini qeyd etdi. Azərbaycan Prezidenti ölkəmizdə enerji resurslarının istehsalından əldə olunan gəlirlərin iqtisadi, sosial və bütün digər sahələrin inkişafına səmərəli surətdə yönəldildiyini bildirdi.

Görüşdə ölkəmizlə əməkdaşlığın nəticələrindən biri olaraq Azərbaycanın bölgənin bir sıra və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə, xüsusilə dayanıqlı qaz təchizatına töhfəsinə toxunuldu, yeni dövrdə ölkəmizin karbohidrogen enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin potensialı qeyd edildi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bu il BP şirkəti tərəfindən bu istiqamətdə layihənin həyata keçiriləcəyi vurğulandı.

Söhbət zamanı BP ilə SOCAR arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın