Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib

326

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhəri 2020-ci il noyabrın 8-də şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən Şuşanın su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılarkən məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər məqsədli şəkildə dağıdılıb və nəticədə suyun nəqli dayandırılıb.

Təxirəsalınmaz Tədbirlər Proqramına əsasən Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər su mənbəyi - Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.

Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni kəmər inşa edilib. Eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 426 və 530 millimetr olan borularla əvəzlənib. Beləliklə, 2022-ci ilin dekabrında Şuşaya yeni mənbədən suyun verilməsi nəticəsində evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.

Şuşa şəhərinə verilən içməli suyun keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu təmin etmək məqsədilə Təxirəsalınmaz Tədbirlər Proqramı çərçivəsində mövcud sutəmizləyici qurğunun yenidən qurulması layihəsinin icrasına başlanılıb. Qurğuda 12 qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib. Görülmüş işlər nəticəsində qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Hazırda şəhərdə yaşayan, çalışan və səfər edən 3500-dən çox insan bu təmizləyici qurğuda sutka ərzində emal olunan və standartlara tam uyğun içməli su ilə təmin edilir. Layihənin növbəti mərhələsində Şuşa şəhərinin dayanıqlı su təchizatı məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr təşkil edəcək müasir tipli yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Şuşa şəhərinin su təchizatının dayanıqlılığının təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Həmin anbarlardan birinin tikintisi davam etdirilir.

Dövlətimizin başçısı Şuşa sutəmizləyici qurğular kompleksində görülən işlərə dair videoçarxa da baxdı.

Bildirildi ki, 2040-cı ilə Şuşanın perspektiv inkişafı nəzərə alınmaqla hazırlanan su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhərin orta günlük su tələbatı saniyədə 105 litr təşkil edəcək. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək.

Şəhərin Baş planına uyğun hazırlanmış layihəyə əsasən, Şuşada 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçay çayına axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksini işə saldı.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın