Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Meyvə bağlarının sahəsi genişləndirilir — intensiv təsərrüfatlara maraq artır

53

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda intensiv bağçılığın inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Sənəddə, digər hədəflərlə yanaşı, intensiv bağ sahələrinin genişləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi və məhsuldarlığın artırılması nəzərdə tutulur. O cümlədən 2030-cu ilə qədər intensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar artırılması qarşıya məqsəd qoyulub. Yeni intensiv təsərrüfatların salınması birbaşa məhsuldarlığın yüksəldilməsinə və ixrac potensialının genişləndirilməsinə xidmət edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkədə bağçılığın sürətlə inkişaf etdiyi rayonlardan biri də Tərtərdir. Rayonun əlverişli torpaq-iqlim şəraiti, dövlət dəstəyi və fermerlərin bu sahəyə artan marağı nəticəsində son illər meyvə bağlarının sahəsi xeyli genişlənib. Yeni salınan bağların böyük əksəriyyəti məhz intensiv təsərrüfatlardan ibarətdir. Buradan yığılan məhsullar təkcə yerli bazara çıxarılmır, həm də xarici ölkələrə ixrac olunur.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Turan Məhərrəmli bildirib ki, hazırda rayonda 2327 hektar meyvə, 44,5 hektar giləmeyvə bağı var. Meyvə bağlarının 1502 hektarı ənənəvi, 825 hektarı isə intensiv bağlardır. Son illərdə rayonda yaradılan yeni təsərrüfatlarda damcı suvarma sistemləri qurulub, yüksək məhsuldarlığa malik tinglərdən istifadə olunub. Rayon ərazisində əsasən şaftalı, xurma, gilas, ərik, əncir, alma və armud becərilir. Bağlarda budama, gübrələmə və suvarma işləri elmi əsaslarla aparılır ki, bu da məhsulun keyfiyyətinin və məhsuldarlığın yüksəlməsinə imkan verir.

Turan Məhərrəmlinin sözlərinə görə, yeni Dövlət Proqramında intensiv bağçılığın genişləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi və məhsuldarlığın artırılması ilə bağlı qarşıya qoyulan hədəflər Tərtər rayonunda da bu sahənin inkişafını sürətləndirəcək. Dövlət dəstəyi hesabına müasir texnologiyaların tətbiqi və ixracyönümlü məhsul istehsalının genişləndirilməsi üçün əlavə imkanlar yaranacaq.

Rayonda fəaliyyət göstərən iri bağçılıq müəssisələrindən biri olan “Aqropat” MMC 2017-ci ildən fəaliyyət göstərir. Təsərrüfatın ümumi sahəsi 122 hektardır. Bunun 56 hektarında yastı şaftalı, 40 hektarında nektarin, qalan hissəsində isə ərik və gilas bağları salınıb. Hazırda ərik və gilas yığımı mövsümü başa çatsa da, şaftalı və nektarin tədarükü davam edir.

Müəssisənin direktoru Hüseyn Məlikli bildirib ki, bağ tamamilə intensiv əkin prinsipi əsasında yaradılıb və damcı suvarma sistemi ilə təmin olunub. Suvarma məqsədilə ümumi tutumu 60 min kubmetr olan süni göl yaradılıb. Burada, həmçinin 1100 ton tutumu olan soyuducu anbar və 70-dən çox texnika, eləcə də aqreqat mövcuddur. Təsərrüfatda ildə 2500–3000 ton məhsul istehsal olunur. Meyvələr müasir soyuducu anbar kompleksində çeşidləndikdən sonra həm daxili bazara, həm də xarici ölkələrə göndərilir.

Hüseyn Məlikli dövlətin bağçılıq sahəsinə göstərdiyi dəstəyin təsərrüfatın inkişafında mühüm rol oynadığını vurğulayaraq qeyd edib ki, yeni Dövlət Proqramı intensiv bağçılığın daha da genişlənməsinə, məhsuldarlığın artırılmasına və ixrac imkanlarının artmasına mühüm töhfə verəcək.

Bağçılığın gəlirli sahə olduğunu görən digər fermerlər də öz təsərrüfatlarını genişləndirməyə böyük həvəs göstərirlər. Qaradağlı kənd sakini Səməd Orucov bildirib ki, bu sahənin iqtisadi səmərəsini nəzərə alaraq 18 hektar sahədə xurma bağı salıblar. Onun sözlərinə görə, bağda müasir damcı suvarma sistemi qurulub, süni göl və nasosxana yaradılıb. Dövlət Proqramında bağçılığın inkişafına göstərilən diqqət onların gələcək planlarına da stimul verib. Fermer yaxın vaxtlarda daha 20 hektar sahədə yeni xurma bağı salmağı nəzərdə tutduqlarını deyib.

Tərtərdə intensiv bağçılığın inkişafı dövlətin aqrar sahədə həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlu nəticələrini əyani şəkildə nümayiş etdirir. 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı isə bu inkişafın davamlılığını təmin etməklə rayonda müasir bağçılığın daha da genişlənməsinə, yüksək məhsuldarlığın təmin olunmasına və ixracyönümlü istehsalın artırılmasına yeni imkanlar açacaq.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın