Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Rejissor: Təxminən 30 gün Azıx mağarasında çəkiliş apardıq

81

“Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filmini çəkərkən əsas məqsədimiz körpü rolunu oynamaq, azərbaycanlı alimlərin Avropadan olan həmkarları ilə birlikdə apardıqları tədqiqatları beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Çəkilişlər zamanı çox maraqlı faktlarla qarşılaşdıq. Həyatımda ilk dəfə 500 min il yaşı olan alt çənə sümüyünü əlimdə tutdum. Bu, mənim üçün olduqca təsirli və əlamətdar təcrübə idi.

AZƏRTAC xəbər verir ki, bunu “Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filminin rejissoru Atakan Kərküklü “Azərbaycan irsinə səyahət” adlı infosessiya zamanı deyib.

O qeyd edib ki, filmdə Azıx mağarasında yaşamış insanların kimliyini, həyat tərzini, gündəlik məşğuliyyətlərini və gələcək nəsillərə qoyduqları izləri araşdırmağa çalışıblar.

“Film ümumilikdə beş ölkədə lentə alınıb. Azərbaycanda çəkilişləri həm yay, həm də qış aylarında aparmışıq. Təxminən 30 gün mağarada qaldıq və orada çəkilişlər apardıq. Daha sonra Almaniyaya yollandıq. Çünki mağaradan aşkar edilmiş daş alətlər və digər tapıntılar alimlər tərəfindən Almaniyanın nüfuzlu universitet və elmi institutlarında araşdırılırdı. Ardınca Kanadada paleolit dövrü üzrə tanınmış alimlərlə müsahibələr apardıq. İngiltərədə isə bu sahə üzrə aparıcı arxeologiya kafedralarının rəhbərləri ilə görüşdük. Türkiyənin Ankara şəhərində də çəkilişlərimiz oldu. Azərbaycan və Türkiyənin birgə istehsalı olan bu layihənin ərsəyə gəlməsi bizi çox sevindirdi”,- deyə rejissor əlavə edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın