Sinqapur və Qazaxıstan Orta Dəhliz üzrə rəqəmsal ticarət və logistika əməkdaşlığını gücləndirir
Sinqapur və Qazaxıstan Orta Dəhliz boyunca rəqəmsal ticarət və logistika sahəsində əməkdaşlığı gücləndirəcək.
Bu barədə Sinqapur Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, Sinqapurun Baş naziri Li Syan Lunun Qazaxıstana rəsmi səfəri çərçivəsində Sinqapur Əməkdaşlıq Müəssisəsi (SCE) ilə "Middle Corridor Multimodal Ltd" (MCM) arasında rəqəmsal ticarətin inteqrasiyası üzrə Anlaşma Memorandumu imzalanıb.
"Sənəd Orta Dəhliz boyunca rəqəmsal ticarət və logistika sahəsində texniki əməkdaşlığın və birgə təşəbbüslərin inkişaf etdirilməsini nəzərdə tutur. Məqsəd marşrut üzrə bağlantının və təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsidir.
Səfər çərçivəsində Li Syan Lun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Baş nazir Oljas Bektenovla görüşüb. Görüşlər zamanı tərəflər iqtisadiyyat, bağlantı, süni intellekt və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Cənub-Şərqi Asiya ilə Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.


