Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Ruslan Quliyev: COP29 ölkəmizin turizm sənayesi üçün çox böyük bir fürsətdir

209

COP29 Azərbaycanda indiyə qədər keçirilən beynəlxalq tədbirlərin ən böyüyü olacaq. Burada təxminən 100 minə yaxın qonağın iştirakı nəzərdə tutulur. Düşünürəm ki, tədbirin lazımi səviyyədə baş tutmasında, gələn qonaqların Azərbaycandan məmnun getməsində turizm sənayesinin də üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan yerləşdirmə yerlərinin sayı, hotellərin bron edilməsi, qiymətlərin müəyyənləşdirilməsi, xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hotel əməkdaşlarına treninqlərin keçirilməsi, bu istiqamətdə Azərbaycan Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq kimi vacib nüanslar daim müzakirə edilən məsələlərdəndir. Ölkədə fəaliyyət göstərən bütün qurumlar, həm dövlət, həm də özəl sektorun nümayəndələri bu nüfuzlu tədbirin yüksək səviyyədə təşkil edilməsi üçün bütün imkanlarını səfərbər edib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev deyib.

COP29-a ev sahibliyi etməyin ölkəmiz üçün qürurverici olduğunu vurğulayan assosiasiya prezidenti deyib ki, bütün böyük tədbirlərdə olduğu kimi qonaqların yüksək səviyyədə qarşılanması ən böyük prioritetdir: “Bu ilin əvvəlində ölkə başçısının müvafiq Sərəncamına əsasən, COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı. Bu, ölkəmizdə COP29-a ciddi yanaşmanın göstərici idi. Əslində bu, zəncirvari bir prosesdir. Burada bütün dövlət qurumları, özəl sektor, bir sözlə, hamı fəal olmalıdır. Turistlərin qarşılanmasını, yerləşdirilməsini, məmnunluqla öz ölkələrinə qayıtmalarını təmin etməliyik. Elə ilk gündən Azərbaycanın turizm sənayesində çalışan bütün səlahiyyətlilər həm ölkə daxilində, həm də xaricində bu tədbirin təbliğatı ilə bağlı mühüm işlərə başladılar. Eyni zamanda, gələcək qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə turizm sektorunda təlim-tədris və nəzəri biliklərin təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Buraya həm bələdçilərin hazırlığı, həm tur operatorların çeşidli proqramlar təklif etməsi, eləcə də ictimai-iaşə xidmətlərinin mükəmməl həyata keçirilməsi və ən əsası da mədəni, tarixi abidələrin düzgün formada tanıdılması kimi məsələlər daxildir. Artıq bu istiqamətdə müxtəlif görüşlər, seminarlar, tədbirlər, konfranslar təşkil olunub və bu işlər yenə də davam etdirilir. Düşünürük ki, COP29 ölkəmizin turizm sənayesi üçün çox böyük bir fürsətdir. İnanıram ki, COP29-da iştirak edəcək xarici qonaqlar geri döndükdən sonra Azərbaycan haqqında daha dolğun, daha gözəl fikir formalaşacaq və yaxın gələcəkdə ölkəmizə üz tutacaq qonaqların sayı durmadan artacaq”.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın