Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Zəfər Gününüz mübarək!

182

8 Noyabr  – Zəfər Gününü qürurla, fərəhlə qeyd edirik. Ermənistanın işğalçı ordusu üzərində böyük qələbəmizin dördüncü ildönümü tamam olur.  44 günlük Vətən müharibəsində qazanılan bu zəfər Azərbaycanın müasir tarixinə əbədi həkk olunub. Qələbə bizə otuz ilə yaxın bir müddətdən sonra işğal altındakı torpaqlarımızı geri qaytarmaq, ölkəmizin suverenliyini bərpa etmək imkanı verdi.

Bu, sadəcə, hərbi mənada zəfər deyil – bu, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın siyasi platformalarında göstərdiyi titanik səylər nəticəsində ədalətin və həqiqətin təntənəsi ilə əlamətdar olan tarixi hadisədir. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı ölkəni inamla və qətiyyətlə qarşıya qoyduğu məqsədə: tarixi torpaqlarımızın qaytarılmasına, məcburi köçkünlərin öz yurd-yuvasına qayıtmasına doğru apardı. Cənab Prezidentin müdrik rəhbərliyi, Silahlı Qüvvələrimizin cəsarəti və peşəkarlığı üzərində bu günümüzün və gələcəyimizin təməli qoyuldu. Ölkə rəhbərliyinin siyasətini, ədalətin bərpasına yönəlmiş səylərini yekdilliklə dəstəkləyən xalqın ümidi və inamı olmadan Azərbaycan Ordusunun uğurları qeyri-mümkün olardı.

Bizim şanlı ordumuz daim müasirləşir, təkmilləşir. Əlbəttə, belə də olmalıdır, çünki düşmən hiyləgərdir. Biz bilirik ki, Ermənistanda revanş planları hazırlanır. Qələbəmiz erməni separatizminin və xaricdə oturub erməni cəmiyyətindəki təcavüzkar əhval-ruhiyyədən istifadə edərək, sülh çağırışlarına məhəl qoymadan, iki xalq arasında nifrət və düşmənçilik toxumu səpməklə, müharibəni yenidən alovlandırmaqla, yenidən qan tökməklə öz bədnam siyasi məqsədlərinə çatmaq istəyənlərin səylərini puça çıxardı.

Azərbaycan xalqı sülh və sabitlik mövqeyində möhkəm dayanıb. Amma Ermənistan Silahlı Qüvvələrinin Qarabağı işğal etməsinə hüquqi qiymət verməli və təcavüzkarı cilovlamalı olan dünya siyasi institutlarının ədalətsiz münasibətini biz heç vaxt unutmayacağıq; müharibə nə qədər canlar aldı,  dağıntılara səbəb oldu, xalqımıza ağrı və mərhumiyyətlər yaşatdı… Qoy Zəfər Günü doğma torpağımızda azad və təhlükəsiz yaşamaq üçün verdiyimiz qurbanları hər zaman bizə xatırlatsın.

Bayramınız mübarək!

Azər Əsgərov

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın