Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

“Təbiət kimi, insan da gözəlliklə dolub-daşır” – Aida İmanquliyeva

275

Görkəmli şərqşünas-alimin anadan olmasından 85 il ötür

Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərib, onu respublikamızdan kənarda layiqincə təmsil edib. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət qazandırıb. Qısa, lakin mənalı ömür sürmüş Aida xanım bu gün də şərqşünas-alim, təcrübəli pedaqoq, ziyalı xanım, xeyirxah insan, fədakar ana olaraq xatırlanır.

AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da professor Aida İmanquliyevanın anadan olmasından 85 il ötür.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil almış Aida İmanquliyeva bu ali məktəbin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında aspirant olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında oxuyub. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O, istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifəsinədək yüksəlib. Hazırda bu instituta rəhbərlik edən akademik Gövhər Baxşəliyeva deyir: “Aida xanım böyüklə böyük idi, uşaqla uşaq. Yəni, hərənin öz dili ilə danışırdı. Heç kimin xətrinə dəyməməyə çalışırdı, amma eyni zamanda, öz tələbkarlığını azaltmırdı və hazırladığımız elmi-tədqiqat işləri yüksək səviyyədə olmalı idi. Çox müdrik insan idi, insanları başa düşürdü, duyurdu və çalışırdı mümkün köməyi eləsin. Onunla elə sadəcə ünsiyyət zamanı biz çox şey öyrənirdik”.

Aida İmanquliyeva 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən professor elmi adı alıb. Aida xanım Azərbaycanda elmlər doktoru elmi dərəcəsi almış ilk şərqşünas qadın alimdir. Üç fundamental monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva ərəb ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni rakursdan araşdıraraq onları Azərbaycan ədəbi ictimaiyyətinə tanıdıb. Bununla da o, elmi və ədəbi xəzinəmizi daha da zənginləşdirib. Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Bu barədə danışarkən mərhum akademik Vasim Məmmədəliyevin sözləri yada düşür: “Aida xanım beynəlxalq aləmdə dünyanın görkəmli alimləri tərəfindən bütün şərqşünaslıq mərkəzlərində məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi qəbul edilir. Onun əsərlərindən tez-tez istifadə olunur, çıxış nöqtəsi kimi ona müraciət edilir və Aida xanımın fikirləri məhcər ədəbiyyatının ayrı-ayrı problemlərini öyrənmək üçün əsas mənbə rolunu oynayır. Məhz Aida xanımın rəhbərliyi dövründə, onun təşkilatçılığı sayəsində Şərqşünaslıq İnstitutunun coğrafi hüdudları çox genişləndi, beynəlxalq əlaqələri gündən-günə artdı. Aida xanımın təşəbbüsü ilə Azərbaycanda simpoziumlar keçirildi. O, həmin simpoziumların həm təşkilatçısı, həm də əsas məruzəçilərindən biri idi. Bu da Aida İmanquliyevanın beynəlxalq elm aləmində nüfuzundan irəli gəlirdi”.

Sankt-Peterburq Universitetinin professoru Olqa Frolovanın Aida xanımla bağlı xatirələrindən: “Mən onunla ilk dəfə Tiflisdə beynəlxalq elmi konfransda görüşdüm. Tədbirə müxtəlif ölkələrdən xeyli alim gəlmişdi. Aida xanımın gözəlliyinə ilk baxışda heyran oldum. Sonra biz digər şəhərlərdə keçirilən tədbirlərdə görüşdük. Bütün ərəb dünyası alimləri professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla yad edirlər. Onlar məhz bu əsərlərdən öz yaradıcılıqları, Afrika, Asiya və demək olar ki, dünyanın bütün ölkələrinin yazıçılarını öyrənmək, başa düşmək üçün güc alırlar”.

Aida xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən şərqşünas alimlər sırasında Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Kudelin, Sankt-Peterburq Universitetinin professoru Anna Dolinina, keçmiş SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun professorları İsaak Filştinski, Valeriya Kirpiçenko, İrina Bilık və başqalarının adlarını çəkmək olar.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi. Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.

Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatlarının həmin aspektdə araşdırılması üçün mühüm zəmin yaradır. Bir alim kimi Aida İmanquliyevanın fəaliyyət dairəsi geniş və çoxşaxəli idi. O, həmçinin ərəb ədəbiyyatından bəzi nümunələri - Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edərək həmin əsərlərin poetik ruhunu, məna və məzmununu olduğu kimi saxlayıb.

Aida İmanquliyeva həm də unudulmaz müəllim kimi yaddaşlarda əbədiləşib. Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov: “O zaman Aida xanımın gəlib Şərqşünaslıq fakültəsində mühazirə deməsi o qədər də adi hadisə deyildi. Elmlər Akademiyasından alimlər nadir hallarda gəlib mühazirə oxuyurdular. Gənc nəsillər və təcrübəli mütəxəssislər arasında münasibət də fərqli şəkildə formalaşırdı. Müəllimlərdən “yaz”, “qeyd elə”, “dedim, yadında saxla” kimi ifadələri eşitmişdik. Aida xanım isə başqa bir mədəniyyət gətirdi. Yəni o, elə bil elmi fəaliyyətini auditoriyada davam etdirirdi və bizi mübahisələrə, müzakirələrə dəvət edirdi. Bəzi hallarda da elə olurdu ki, nəyinsə üstündə təkid etmək, öz fikrini yuxarıdan aşağı yönəltmək əvəzinə biz onun tərəfindən müəyyən güzəşt, müəyyən başqa fikirlə razılaşmaq kimi halları görürdük”.

Əsərlərindən birində “Hər bir cəmiyyətin, quruluşun gələcəyini həyata yeni atılan, böyüyən və yetkinləşən nəsil təşkil edir. Bu nəsli yetişdirən isə ilk növbədə ailədir” yazmış Aida xanımın gözəl, nümunəvi ailəsi olub və o, cəmiyyət üçün ləyaqətli övladlar böyüdüb. Həyatını elmə həsr edən böyük qızı akademik Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentidir.

Milyonların məhəbbətini qazanmış Birinci vitse-prezident Mehriban Əliyevaya məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti anası - nəcib, istedadlı, məğrur və son dərəcə gözəl qadın olan Aida İmanquliyeva aşılayıb. Mehriban xanım deyir: “Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Onun yoxluğunu hər zaman hiss edirəm”.

Nərgiz xanım isə anasını belə xatırlayır: “O, doğrudan da parlaq və nadir bir insan idi. Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. O, sözün əsl mənasında nadir və parlaq insan idi. Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O, doğrudan da göründüyü qədər təbiətən gözəl idi. O, göründüyü kimi olmağı və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa etmədi və o, indi aramızda yoxdur”.

Əsərlərindən birində “Təbiət kimi, insan da gözəlliklə dolub-daşır” yazan Aida xanımın zahiri gözəlliyi onun daxili aləmi, zəngin mənəvi dünyası, incə ruhu və həssas qəlbi ilə vəhdət təşkil edirdi. Onu yaxından tanıyanlar deyirdilər ki, Aida xanım mehriban, əliaçıq, həddindən artıq səxavətli qadın idi. Diplom işlərində kağız alınmasında, çap edilməsində tələbələrə yardım edərdi. Hətta o zaman qıt olan dərmanları tapıb gətirməklə neçə-neçə insanı həyata qaytarmışdı. Özü də bunların hamısını təmənnasız edərdi. Bu gün Aida xanımın əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Onun bu gün də aktuallığını qoruyub saxlayan əsərləri, monoqrafiyaları ərəb ədəbiyyatını araşdıran gənc alimlər üçün əsas istinad qaynağıdır.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın