Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Uşaq yazıçısı Gülzar İbrahimovanın yeni kitabının  təqdimatı keçirildi

439

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin  təşkilatçılığı və informasiya dəstəyi ilə və Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində tanınmış uşaq yazıçısı, şair M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimovanın "Trolların sirri" nağılının təqdimatı keçirildi. Sözügedən nağıl Skandinaviya xalqlarının nağıl qəhrəmanları trollara həsr edilib.

Tədbirdə N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva,  uşaq yazıçısı, “Ağıllı bala” nəşriyyatının rəhbəri Fatimə Alxas, tarix elmləri doktoru, professor, AYB-nin üzvü, “Məcməüşşüəra” ədəbi məclisinin sədri Şahin Fazil, şairlərdən Gülayə Şınıxlı, Fəxrəddin Meydanlı, Zaur Ustac, 1 saylı uşaq-gənclər məktəbəqədər müəssisəsinin, 189, 220 saylı məktəblərin müəllim və şagirdləri “Trolların sirri” nağılı haqqında fikirlərini bildirərək, G.İbrahimovaya yaradıcılıq uğurları arzuladılar.

Tədbirdə çıxış edən yazıçı, şair Gülzar İbrahimova Norveçdə dünyaya göz açmış uşaqlarımızın dilimizlə yanaşı, ədəbiyyatımızı da öyrənməsini təqdirəlayiq olduğunu bildirdi.

Təqdimatda Beynəlxalq Muğam Mərkəzinin solistləri Könül Xəlilzadə, Elgiz Əliyev və balaca müğənni Əhəd Ağayev gözəl ifaları ilə iştirakçıları heyran etdilər. Səhər Zərdablının və Tunar Qarayevin milli və xarici üslubda əyləncəli rəqsləri tədbirə əlavə sevinc qatdı.

Tədbirin sonunda Osloda N.Gənvəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata məxsus olan "Ana dilim" və "Sağ ol, ey Vətən! " mahnılarını ifa etdilər.

Tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və çoxsaylı oxucuları, rus icmasının nümayəndələri, uşaqlar və valideyinlər, kitabsevərlər iştirak etdilər.

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın