Azərbaycanın qalibiyyət qabiliyyətləri Ferien-Messe Wien sərgisində nümayiş etdirilib.
520
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları 14-17 mart tarixlərində Avstriyanın paytaxtı Vyanada keçirilən “Ferien-Messe Wien” sərgisində nümayiş etdirilir.
Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri təmsil edir.
Milli stend ziyarətçilərinə turizm məhsulları üzrə təkliflər, o cümlədən İçərişəhər, Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı və Şəki Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məkanlar haqqında ətraflı məlumat verilir. Həmçinin Azərbaycan şərablarının və şirniyyatlarının dequstasiya keçirilir, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə milli rəqslər nümayiş etdirilir və VR (Virtual Reallıq) eynəyi vasitəsilə Azərbaycanın turizm imkanlarını əks etdirən görüntülər təqdim olunur.
“Ferien-Messe Wien” sərgisinin ilk iki günü B2B (Biznesdən biznesə), növbəti günlərdə isə B2C (biznesdən müştəriyə) formatlı görüşlər təşkil olunur.
Milli stendi Azərbaycan Respublikasının Avstriyadakı səfiri Rövşən Sadıqbəyli ziyarət edib.
Azərbaycan milli mətbəxinin və “Slow Food” təcrübəsinin təbliğatı çərçivəsində Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə martın 13-də Vyana şəhərindəki Modul Universitetində tələbələr üçün “Azərbaycan plovunun hazırlanması” mövzusunda master-klas təşkil olunub.
Tələbələrə, həmçinin reseptlər və lazımi məlumatları əks etdirən açıqcalar təqdim olunub.
Bundan əlavə, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı və xarici turizm sənayesi nümayəndələrinin iştirakı ilə martın 14-də Azərbaycan Mədəniyyət Mərkəzində ölkənin mədəni irsinin qorunub saxlanması və Avstriya tərəfindən göstərilən töhfələrə həsr olunmuş tədbir keçirilib.