Türkiyə geoloji kəşfiyyat fəaliyyətini genişləndirir
Türkiyənin Milli Neft və Qaz Şirkəti (TPAO) 2028-ci ilə qədər neft hasilatını sutkada 550 min barrelə çatdırmağı, perspektivdə isə bu göstəricini sutkada 1 milyon barrelə qədər artırmağı planlaşdırır. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar ölkənin ilk üzən hasilat, saxlama və boşaltma platforması olan "Osman Gazi" gəmisinin Qara dənizdəki yatağa yola salınma mərasimində bildirib.
Nazirin sözlərinə görə, son beş ildə yeni yataqların kəşf edilməsi sayəsində TPAO hasilat həcmini iki dəfə artıraraq sutkada təxminən 300 min barrelə çatdırmağa nail olub.
"2028-ci ildə biz bu göstəricini 550 min barrelə çatdıracağıq və ümid edirəm ki, sutkada 1 milyon barrel hədəfinə nail olacağıq. Biz Qara dənizdə yeni qaz və neft yataqlarının axtarışını davam etdiririk", — deyə Bayraqdar bəyan edib.
O, həmçinin qeyd edib ki, Türkiyə geoloji kəşfiyyat fəaliyyətini ölkə hüdudlarından kənarda da genişləndirir. Nazirin sözlərinə görə, hazırda Somali, İraq, Azərbaycan, Pakistan, Macarıstan, Bolqarıstan, Oman və Liviyada axtarış-kəşfiyyat işləri aparılır.
Eyni zamanda, Ankara Qara dənizdəki "Sakarya" yatağında sübut olunmuş təbii qaz ehtiyatlarını artırmaq və Qara dənizin digər rayonlarında qazma işlərini davam etdirmək niyyətindədir. Geoloji kəşfiyyat işləri Türkiyənin cənub-şərqində də həyata keçirilir və burada yeni neft və qaz yataqları axtarılır.
Bayraqdar vurğulayıb ki, ölkə bu planların reallaşdırılması üçün geniş texniki imkanlara malikdir.
"Bu gün Türkiyə altı dərin dəniz qazma gəmisi, iki seysmik tədqiqat gəmisi və köməkçi gəmilərə sahibdir, həmçinin dünyanın dördüncü ən böyük enerji donanmasına malikdir", — deyə nazir bildirib.
Onun sözlərinə görə, Türkiyə enerji sektorundakı mövqeyini gücləndirmək, habelə bu sahədə regional liderə və qlobal oyunçuya çevrilmək üçün öz gəmilərindən, avadanlıqlarından və mühəndis kadrlarından istifadə etmək niyyətindədir.


