Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir
Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 19-21 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində nümayiş etdirilir.
Rusiya və MDB məkanı üzrə əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.
Stendi ziyarət edən sərgi iştirakçılarına Azərbaycanın turistik məkanları, milli mətbəx nümunələri, şərabçılıq, işgüzar turizm, sağlamlıq, ekoturizm, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş maddi mədəni irs nümunələrindən İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan qayaüstü rəsmləri mədəni landşaftı, Xan sarayı ilə birlikdə Şəki şəhərinin tarixi mərkəzi, Xınalıq kəndi və Köç yolu mədəni landşaftı haqqında ətraflı məlumat verilir. Turizm sənayesi nümayəndələri arasında keçirilən B2B görüşlərdə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunur.