Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

218

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar.

Trend xəbər verir ki, alimlərimizin işğaldan azad olunmuş Xankəndiyə səfəri zamanı oxunan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Dünyanın müxtəlif ölkələrində yaşayıb-çalışan azərbaycanlı alimləri birləşdirən təşkilatımız doğma Vətənimizin yüksəlişlərini daim diqqətlə izləyir, böyük Zəfərə imza atmış dövlətimizin və xalqımızın uğurlarına qəlbən sevinirik. Biz, Vətənimizdən kənarda fəaliyyət göstərsək də, hər zaman və hər yerdə Ulu Öndərimiz Heydər Əliyevin bu möhtəşəm sözlərini xatırlayırıq: “Azərbaycan torpağının hər guşəsi hər bir azərbaycanlı üçün əzizdir”. Dünyanın ayrı-ayrı ölkələrində, fərqli elm sahələrində işləyən araşdırıcılarımızı qovuşduran Dünya Azərbaycanlı Alimlər Birliyinin başlıca məqsədi Vətənimizin inkişaf və tərəqqisinə mümkün köməklərimizi göstərməkdir.

Bu gün, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun son günündə, işğaldan azad edilmiş müqəddəs Azərbaycan torpağı Qarabağda olarkən, qalib xalqımızın və onun müzəffər Ali Baş Komandanının, Vətənimizin müdafiəçisi və xilaskarı qarşısında inanılmaz xoşbəxtlik və qürur hissi keçirdiyimizi Sizə və bütün dünyaya bildirməkdən məmnunluq duyuruq. Torpağımızın hər qarışının azad edilməsi uğrunda xalqımızın çəkdiyi əzabları və verdiyi qurbanları daim xatırlayır, şəhidlərimizə Allahdan rəhmət və qazilərimizə can sağlığı arzulayırıq.

Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər kimi, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını əmin edirik ki, elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosiologiya və mədəniyyət sahələrində Vətənin strateji planlarının hazırlanması və həyata keçirilməsi naminə əzmlə səy göstərəcəyik.

Cənab Prezident! Şanlı silahlı qüvvələrimizin Ali Baş Komandanı olaraq xalqımızı zəfərə qovuşdurduğunuz, torpağımızın ərazi bütövlüyünü bərpa etdiyiniz, vətənimizin tam suverenliyini təmin etdiyiniz üçün daim Sizə minnətdarıq.

Sizin müdrik və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan Respublikasının siyasi, iqtisadi, elmi-mədəni istiqamətdə gələcəkdə daha böyük müvəffəqiyyətlər qazanacağına əminliklə biz də ümumi tərəqqimizə töhfələrimizi verməyə hazırıq. İnanırıq ki, müasir elmi biliklərə və geniş təcrübəyə malik olan, vətənimizi dərin məhəbbətlə sevən və siyasi xəttinizi daim dəstəkləyən ziyalılarımız ümummilli mənası olan böyük işlərdə Sizin yardımçınıza çevrilə biləcəkdir.

Bu gün, Xankəndidə hər birimiz, ulu öndərimizin bu ölməz sözlərini sevinc göz yaşları ilə bir daha təkrar edirik: “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, belə bir millətim var!”.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın