Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Ağdamda mina problemi ilə bağlı beynəlxalq forum keçirilib

446

Ağdam. Trend:

Bu gün Ağdamda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum keçirilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə forum çərçivəsində, Ağdama gələn beynəlxalq ekspertlər ilk olaraq Ağdam Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə işlərinin aparıldığı sahəylə tanış olublar.

Ağdam şəhərindəki Konfrans Mərkəzində 15 beynəlxalq ekspert və yerli QHT nümayəndələrinin iştirakı ilə keçirilən forumda çıxış edənlər dünyada mina təhlükəsindən əziyyət çəkən 60-dan çox ölkə içərisində Azərbaycanın ilk onluqda olması, işğal dövründə ermənilərin əraziləri heç bir müharibə qaydalarına əməl etmədən çirkləndirmələri barədə müzakirələr aparıblar.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, tədbirin keçrilməsi üçün Ağdam şəhərinin seçilməsi təsadüfi deyil, çünki Ağdam minalanmış sahələrin ən çox olduğu işğaldan azad edilmiş ərazilərdən biridir: “Əminəm ki, bu tədbirlər Azərbaycandakı mina probleminə beynəlxalq ictimaiyyəti, vətəndaş cəmiyyətini cəlb etməyə kömək edəcək".

Çıxışlar zamanı mina təhlükəsindən xilas olmaq üçün dünya ictimaiyyəti və beynəlxalq qurumlarla sıx əlaqələrin qurulmasının vacibliyi vurğulanıb.

Forumun yekununda beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət qəbul edilib.

"Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu müraciəti səsləndirib. Müraciətdə deyilir ki, forum iştirakçıları dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamdan beynəlxalq ictimaiyyətə müraciət edərək mina və PHS-lərə qarşı mübarizədə daha fəal olmağa çağırırlar: “Hazırda Azərbaycan dövləti humanitar minatəmizləmə ilə əlaqədar genişmiqyaslı işlər aparır. Qısa müddətdə xeyli ərazidə təmizləmə işləri yerinə yetirilib. Qadın minaaxtaran qrupların da prosesə cəlb edilməsi təqdirəlayiqdir. Azərbaycan Respublikasının humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı təcrübəsi mina terrorundan əziyyət çəkən digər ölkələr üçün faydalı ola bilər.

Biz - dünya ictimaiyyətini, vətəndaş cəmiyyətlərini humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi işinə qlobal miqyasda ictimai dəstək verməyə çağırırıq”.

Forum müraciətin səsləndirilməsi ilə başa çatıb.

xxx

15:34

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, forum Ağdam Konfrans Mərkəzində keçirilir.

Forumda müxtəlif ölkələrin 15 beynəlxalq eksperti və yerli QHT nümayəndələri iştirak edir.

 
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın