Azərbaycanın yazar qadınlarının “60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb
“Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birgə (bu il kitabxananın 45 illiyi tamam olur) yazar qadınların əsərlərindən ibarət “60 çiçək – bir çələng” adlı ədəbi almanax nəşr etdilər. Kitab Azərbaycanın yazar qadınlarının Zəfər almanaxıdır. Almanax doğma Qarabağımıza, azad olunan torpaqlarımıza, Böyük Zəfərimizə həsr olunmuş himndir.
Axmanaxın ön sözündə qeyd olunur ki, Vətənimizə, ordumuza igidlər verən, ölümün gözünə dik baxan qəhrəmanlar dünyaya gətirən analarımıza, şəhid analarına, qazi ailələrinə övladlarının Qələbəmizə verdiyi tövhələrə həsr olunmuş əsərlər və Zəfərimizə təkan verən qadın yaradıcılığı bu gün xalqımıza çox gərəkdir!
Daha sonra vurğulanır ki, Ulu Öndərimiz Heydər Əliyevdən sonra, onun siyasətinin davamçısı İlham Əliyev Azərbaycana rəhbər gəldi və tək gəlmədi. İlham Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da siyasətə qatılması Azərbaycan qadınlarına daha fəal olmaq üçün bir stimul verdi. Ölkəmizin dirçəlişində və tərəqqisində, onun bəşər sivilizasiyası piramidasının zirvələrinə intensiv yüksəlişində respublikanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın da rolu əvəzsizdir.
Bu il Mehriban xanım Əliyevanın 60 illik yubileyidir. Mehriban xanım da bütün Azərbaycan xanımları kimi ömrünün 30 ilini Azərbaycanın sağalmaz, unudulmaz yarasını sarımaqla keçirdi, torpaqlarımızın azad olmasını və Qələbəni gözlədi. Ancaq bu gün şükür edək ki, İlahi özü sevdiyi xanımı BÖYÜK ZƏFƏRİMİZLƏ mükafatlandırdı.
Almanax Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Şuşamız, o zaman işgal altında olan torpaqlarımız, gözlədiyimiz Qələbə haqqında müdrik kəlamları ilə başlayır. Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanın sitatları verilib.
“60 çiçək – bir çələng” adlı ədəbi almanaxa 60 yazar xanımın hekayə, şeir, esse, əfsanə, mənsur seir, qəzəl, poemadan parça, nağıl, xatirələri və
s. daxil edilib. Yazar qadınların hər biri Böyük Qələbəmizə həsr olunmuş əsərləri ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir.
Almanaxın ideya və ön sozünün müəllifi yazıçı, publisist, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, Q.R.Derjavin ordeninin mükafatçısı Nüşabə Məmmədlidir. Tərtibçi və redaktoru tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır.
Kitab naşir Akif Dənzizadənin rəhbərliyi ilə "Apostrof-A" Nəşriyyat Poliqrafiya müəssisəsində nəşr olunub.
Ədəbi almanax geniş oxucu dairəsi üçün nəzərdə tutulub.