1,1 milyon nəfərə ŞAD XƏBƏR - Pensiya artımının DETALLARI
Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasət mövsümi deyil, davamlı və sistemli xarakter daşıyır. Prezident İlham Əliyevin imzaladığı yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam da davamlı və sistemli xaraket daşıyan fəaliyyətin tərkib hissəsidir. Bu Sərəncam əhalinin mühüm bir hissəsini təşkil edən - 1,1 milyon nəfər pensiyaçının sosial rifahının gücləndirilməsinə böyük töhfə verəcək.
Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılır.
Artımlar bu ilin 1 yanvar tarixindən tətbiq olunur və yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə pensiyaçılara ödənəcək. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 630 milyon manat xərclənəcək. Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.
Prezident İlham Əliyev bundan əvvəl də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm Sərəncam və Fərmanlar imzalayıb.
Ümumilikdə, 2018-2023-cü illərdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub.
Həmin sosial paketlər 4 milyondan çox vətəndaşı əhatə edib. Bu islahatlar üzrə əlavə olaraq ayrılan illik vəsaitin məbləği isə 7 milyard manata yaxındır.
Qeyd olunan islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə (130 manat - 345 manat), orta aylıq əməkhaqqı 71,3 faiz (545 manat - 933,8 manat), median əməkhaqqı 2,2 dəfə (486 manata çatıb), əməkhaqqı fondu 2,7 dəfə artıb.
Aparılan sosial islahatların mühüm bir istiqaməti pensiya təminatını əhatə edib və son beş ildə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Sosial islahat paketinin hər birində pensiyaların artırılması da təmin edilib. Nəticədə 2018-2023-cü illərdə minimum pensiya 2,5 dəfə (110 manat / 280 manat), orta aylıq pensiya 2,1 dəfə (208 manat/ 436 manat), yaşa görə orta aylıq pensiya 2 dəfə artıb (234 manat/467 manat) artıb.
Bundan başqa, 2018-2023-cü illərdə 10 yeni sosial ödəniş növü təsis edilib.
Göründüyü kimi, dünyada gərgin iqtisadi proseslər baş verir, ərzaq təhlükəsizliyi təhdid altındadır. Dünyada baş verən geosiyasi proseslərin yaratdığı iqtisadi təlatümlər fonunda Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımlar xüsusilə diqqət çəkir.
Təbii ki, belə bir irimiqyaslı sosial paketin icrası üçün güclü iqtisadiyyat və dayanıqlı maliyyə sistemi olmalıdır. Azərbaycanda sadalanan bu iki məqam mövcud olduğu üçün dövlət əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ciddi addımlar atır. Əks təqdirdə dünyada baş verən gərginlik fonunda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ciddi məbləğlər ayırmaq mümkün olmazdı.
Aydın olur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi layihələrdən əldə olunan vəsait səmərəli istiqamətdə sərf olunur. Əsas hədəf isə milli təhlükəsizliyimizin müdafiəsi və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Hər iki istiqamətdə inkişaf təqdirəlayiqdir.
Müəllif: Elvin Səxavətoğlu
Day.az