Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakıda islamofobiya ilə mübarizə mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb

777

Martın 8-də Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.

Trend xəbər verir ki, 15 mart - İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, G20 Dinlərarası Dialoq Forumunun və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Bakıda artıq ikinci dəfədir keçirilən konfransda beynəlxalq səviyyədə islamofobiyaya qarşı mübarizə kontekstində nələr edə biləcəyimiz müzakirə ediləcək. Yaşadığımız dövrdə ayrı-seçkilik, islamofobiya günümüzün reallığıdır. İnsanlara qarşı diskriminasiya, nifrət nitqi, təcrid olunma kimi problemlər bizim həyatımızı çətinləşdirir.

O deyib ki, hazırda hər kəs dünyada müsəlmanların təcrid edilməsi və onlara qarşı ayrı-seçkiliyin şahidi olur: “Bu hallara xüsusilə Qərb ölkələrində rast gəlinir. Müsəlmanlara qarşı mənfur əməllər davam etdirilir. Biz hamımız sülh şəraitində yaşaya bilərik”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, bugünkü dünyada xristianlar da ayrı-seçkiliyin qurbanı olur. Ona görə də bütün dünya bu ayrı-seçkiliyə qarşı mübarizə aparmalıdır. İslamofobiyadan danışarkən gender məsələlərinin də müzakirəsi olduqca vacibdir. İslamofobiyaya qarşı mübarizə aparmaq üçün siyasi və beynəlxalq addımlar atılmalıdır.

Fransada Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilən vandallıq aktından da danışan F.Şəfiyev bildirib: “Azərbaycan həmin abidəni Fransadakı səfirliyinə köçürdü. Bu vandallıq aktı Fransanın ölkəmizə qarşı siyasəti ilə bağlıdır”.

BMTM-in İdarə Heyətinin sədri deyib ki, hazırda qlobal mediada da ayrı-seçkilik müşahidə olunur: “Bizim təşkilatçılıq etdiyimiz tədbirlər Qərbdən idarə olunan media qurumları tərəfindən mütəmadi qaydada tənqid edilir”.

Konfransın açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Müraciətdə bildirilib ki, dünyada bir çox müsəlmanın islamofobiyanın qurbanı olmağı böyük təəssüf doğurur. İslamofobiyanın dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır.

Müsəlmanlara qarşı nifrətin insan hüquqlarına zidd olduğunu deyən Migel Anxel Moratinos qeyd edib ki, ədalətli, sülh içində bir dünya yaratmaq üçün bütün insanlar qeyri-tolerantlığa qarşı mübarizə aparmalıdır: “Dünyada bütün dinlərin əsasında mərhəmət və qarşılıqlı hörmət dayanır. Bunu qorumaq isə bizim borcumuzdur”.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Əl-Dubei konfransda çıxış edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsi islamofobiyaya qarşı mübarizədə mühüm addımdır. Bu mübarizədə bizim üzərimizə böyük məsuliyyət düşür.

O qeyd edib ki, Azərbaycan bu illər ərzində islamofobiyaya qarşı mübarizəyə həsr olunan yüksəksəviyyəli müxtəlif tədbirlər keçirib, nümunəvi addımlar atıb. Bu tədbirin keçirilməsi də Azərbaycanın güclü öhdəliyini əks etdirir. “İslam Əməkdaşlıq Təşkilatı bugünkü konfransın nəticələrini səbirsizliklə gözləyir”, - deyə qonaq əlavə edib.

İƏT Baş katibinin köməkçisi diqqətə çatdırıb ki, dünyada təxribat xarakterli aktların törədilməsi davam edir. İnsanlar dini inanclarına görə hədəfə alınır. “Müsəlmanlara qarşı təzyiqlərin, ayrı-seçkilik hallarının qarşısını almaq üçün müxtəlif tədbirlər görülməlidir. İƏT beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətlərini bu hallara qarşı birləşməyə, səfərbər olmağa çağırır”, - deyə Yusif Əl-Dubei vurğulayıb.

Konfransda çıxış edən G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham deyib ki, islamofobiya ilə var gücümüzlə mübarizə aparıb bu problemi kökündən həll etməliyik. O qeyd edib ki, dünyada İslam dininə qarşı qərəzli münasibətə, mənfi tendensiyalara adekvat cavablar verilməlidir. Ona görə də islamofobiya ilə mübarizənin əhatə dairəsi genişləndirilməlidir.

 

Açılış mərasimindən sonra beynəlxalq konfrans işini plenar iclasla davam etdirib.

xxx

09:13

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Trend xəbər verir ki, konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonaq iştirak edir.

Konfransa mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri və dövlət rəsmiləri də qatılıb.

Konfrans çərçivəsində keçiriləcək plenar iclaslara və bölmə iclaslarına aşağıdakılar daxildir:

Plenar (A) Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış, Çıxış sessiyaları (B) Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi:

İslamofobiyanın yenidən nəzərdən keçirilməsi; (B1) İctimai rəyin formalaşdırılması:

rəqəmsal islamofobiya; (C) Ali təhsil kontekstində islamafobiya ilə mübarizə;

Plenar (D) Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan hüquqları;

Çıxış sessiyaları (E) Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması; (E1) qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları; (F) Cinsiyyətli İslamofobiyanın Matrisi Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət.

Qeyd edək ki, 15 mart tarixinin "Islamofobiya ilə mübarizə günü" olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni "Islamofobiya ilə Beynəlxalq Mübarizə Günü" kimi qəbul edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın