Bakıda iqlim dəyişmələri ilə mübarizənin maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) müəyyən edilməsi ilə bağlı yüksək səviyyəli nazirlik dialoqu başlayıb.
Trend xəbər verir ki, bu barədə COP29 sədrliyinin "X" sosial şəbəkəsində məlumat yayılıb.
"Bu gün Bakıda NCQG üzrə yüksək səviyyəli nazirlik dialoqunun açılışı ilə yadda qaldı, burada COP29-un sədrliyi COP29 üzrə mühüm toplantıda dünyanın hər yerindən gələn nümayəndələri səmimi qarşılayıb", - COP29 sədrliyinin "X" səhifəsindəki məlumatda bildirilib.
İqlim dəyişmələri ilə mübarizənin maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) Paris Sazişinin vacib tərkib hissəsi olub, 2025-ci ildən sonrakı dövrdə inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələri ilə mübarizə tədbirlərinə dəstək üçün yeni maliyyə hədəfinin müəyyən edilməsinə yönəlib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.