Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bu gün Zəngilan Şəhəri Günüdür

187

Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub.

AZƏRTAC Zəngilan şəhəri ilə bağlı bəzi qeydləri xatırladır.

1993-cü il oktyabrın 29-da Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonu tamamilə dağıdılıb, zəngin təbii ehtiyatları talanaraq xarici ölkələrə daşınıb. İyirmi yeddi il davam edən işğal dövründən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uğurlu hərbi əməliyyatlar nəticəsində rayonu erməni quldur birləşmələrindən təmizləməyə nail olub. 44 günlük Zəfər yürüşündə hər gün gələn qələbə xəbərləri sırasında növbə Zəngilan rayonuna da çatdı: Zəngilan şəhəri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri işğaldan azad edildi. Oktyabrın 20-də Prezident İlham Əliyev bu xoş xəbəri xalqa çatdırdı: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaldıb. 2023-cü il iyulun 31-də isə dövlət başçısının imzaladığı Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Zəngilan işğaldan azad edildikdən sonra Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edilib. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alınıb. Rayonun işğaldan azad edilməsi Qarabağ düyününün açılmasında həlledici amil oldu. Bartaz, Sığırt, Şükürataz və daha beş yüksəkliyin azad olunması çox böyük strateji üstünlük idi.

Vətən müharibəsində Zəngilanın azad edilməsi üçün uğurlu “Üç nöqtə” əməliyyatı həyata keçirilib. Bir gün əvvəl ərazinin havadan kəşfiyyatı aparılıb, düşmən haqqında məlumat, onun yerləşmə yeri, canlı qüvvəsi, texnikası, atəş mövqeləri dəqiqləşdirilərək müvafiq qərarların qəbul olunması üçün komanda məntəqəsində təhlil olunub. Növbəti gün gecə saatlarında kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olunaraq düşmənə sarsıdıcı zərbələr endirilib və onlar qaçmağa məcbur olublar. Pilotsuz uçuş aparatları vasitəsilə düşmən dərinliklərindəki artilleriya qurğuları, yaxınlaşmaqda olan texnika məhv edilib.

Vətən müharibəsi yekunlaşandan dərhal sonra sıx meşələri, yaşıl bitki örtüyü, gursulu çayları ilə seçilən Şərqi Zəngəzurun ən gözəl guşələrindən olan Zəngilan rayonunda sürətli yenidənqurma işlərinə başlanılıb. 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il oktyabrın 26-da təməli qoyulan Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir.

Bundan başqa, Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılıb. Böyük Qayıdışın başlanğıcı olan bu proses yaddaqalan hadisə kimi tarixə düşüb.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması sakinləri də sevindirir. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Ağalı kəndində sakinlər öz həyatlarına davam edir, məktəbdə dərslər keçirilir. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidinin tikintisi aparılır. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın