Çin dünyada metanolla işləyən ilk neft supertankerini istifadəyə verdi
Çin gəmiqayırma şirkətləri dünyanın metanol ilə işləyən ilk ultraböyük neft tankeri "Kaito"nu suya salıblar.
Bu barədə Oxu.Az Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir.
Məlumata görə, 333 metr uzunluğundakı gəmi təxminən 2.1 milyon barel xam neft daşıya bilir.
Gəmi metanol ötürmə sistemi olan ikiyanacaqlı mühərriklə işləyir ki, bu da adi mazutla müqayisədə karbon qazı tullantılarını 92%, kükürd oksidlərini isə 99% azaltmağa imkan verir.
Tankerin təchiz olunduğu intellektual platforma maye yüklərin idarə edilməsini, mühərrik bölməsinin istismarını və texniki xidmətini optimallaşdırır ki, bu da gəminin səmərəliliyini, effektivliyini və təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Tanker Çin Dövlət Gəmiqayırma Korporasiyasının Dalyan filialı tərəfindən inşa edilib və Yaxın Şərq-Uzaq Şərq marşrutuna xidmət göstərəcək.


