DİN-də azad olunan ərazilərlə bağlı əməliyyat müşavirəsi keçirilib

İyulun 25-də Daxili İşlər Nazirliyində (DİN) işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat şəraiti, şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib.
Bildirilib ki, bu ərazilərdə ictimai asayişin qorunması, yerli əhali və turistlərin təhlükəsizliyinin təmin olunması, əmlakın mühafizəsi və maarifləndirici-profilaktik tədbirlərin davam etdirilməsi əsas prioritetlərdəndir və daimi diqqət mərkəzində saxlanılmalıdır.
Müşavirədə xüsusilə yanğın təhlükəsizliyi məsələlərinə geniş yer ayrılıb. Yay mövsümündə havaların isti və quraq keçməsi fonunda meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığı, buna qarşı profilaktik tədbirlərin intensivləşdirildiyi vurğulanıb.
Aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli ərazilərdə fasiləsiz monitorinqlərin aparılması, vətəndaşlar arasında odla ehtiyatsız davranışın fəsadları barədə davamlı maarifləndirmə işlərinin aparılması və xidmətin yüksək peşəkarlıqla təşkil edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.
Diqqətə çatdırılıb ki, müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.