Türkiyədə zəlzələ: Ölən var

Balıkesir vilayətinin Sındırqı rayonunda 6.1 bal gücündə zəlzələ nəticəsində insan itkisi qeydə alınıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Sındırqıda uçan binanın altında qalan 5 sakin xilas edilib.
Xilas edilən vətəndaşlardan biri xəstəxanada həyatını itirib.
Avqustun 10-da axşam saatlarında Türkiyənin Balıkesir vilayətində baş verən 6.1 bal gücündə zəlzələdən sonra 4 nəfər xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.
"Hazırda 4 nəfər xəstəxanaya yerləşdirilib, onların həyatı təhlükədə deyil", - o, "X" səhifəsində yazıb.
Qeyd edək ki, daxili işlər naziri Ali Yerlikaya "Habertürk" telekanalına açıqlamasında hələ ki, tələfatla bağlı məlumat olmadığını bildirib.
"Balıkesirdə zəlzələ nəticəsində 10 bina zərər görüb".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Sındırqı bələdiyyə başçısı Serkan Sak deyib.
"Bölgəmizdə 10 binada dağıntı baş verib. Uçmuş binalarda 6 nəfər yaşayırdı. Onlardan 4-nü xilas etmişik, digər ikisini isə xilas etmək üçün çalışırıq", - o bildirib.
Balıkesirdə baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabından açıqlama verib və bildirib ki, bütün əlaqədar qurumlar hadisə ilə bağlı hərəkətə keçib, lazımi addımlar atılır.
Türkiyənin Balıkesir vilayətində baş verən 6.1 maqnitudalı zəlzələ nəticəsində yaşayış binaları dağılıb.
Oxu.Az xəbər verir ki, dağılan binaların görüntüləri sosial şəbəkələrdə yayılıb.
Dağıntılar altında insanların qaldığı güman edilir.
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) bildirib.
Zəlzələnin maqnitudası 6.1 bal, dərinliyi isə 11 km olub.
Güclü zəlzələ İstanbul da daxil olmaqla bir çox vilayətlərdə hiss olunub.