Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Xəzər rayonunda Albalılıq elektrik avtobus deposu istifadəyə verilib - FOTO

49

"BakuBus" MMC tərəfindən paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində Albalılıq elektrik avtobus deposu istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 4.3 hektar ərazini əhatə edən yeni avtobus parkının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Parkın ərazisində inzibati bina, müasir yuma kompleksi, təmir mərkəzi fəaliyyət göstərir. Depoda 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd BYD markalı tam elektrik mühərrikli avtobuslara xidmət göstəriləcək.

Avtobusların 48 ədədi 77, 102 ədədi isə 81 nəfərlik sərnişin tutumuna malikdir. Nəqliyyat vasitələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə 42 ədəd 240 kVt gücünə malik enerjidoldurma cihazı quraşdırılıb. Sözügedən avadanlıq həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər risklərə qarşı çoxsaylı mühafizə funksiyaları ilə təchiz edilib.

Yeni avtobuslar səkkiz qəsəbə və bir kənd üzrə - Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa, Ramana və Nardaran qəsəbələri, eləcə də Məmmədli kəndini "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirəcək.

Avtobusların gündəlik təmizliyinin təmin edilməsi məqsədilə yaradılan müasir yuma məntəqəsi eyni vaxtda iki avtobusa xidmət göstərir və proses dörd dəqiqə ərzində tamamlanır. Kompleksdə ekoloji tələblərə xüsusi diqqət yetirilir, istifadə olunan suyun 85 faizi təmizlənərək təkrar dövriyyəyə qaytarılır. Təmir mərkəzində texniki xidmətin operativ təşkili məqsədilə yağlama və çilingər işləri üçün səkkiz, qəza təmiri və boyama işləri üçün isə yeddi boks fəaliyyət göstərir. Yeni avtobus parkının istifadəyə verilməsi yalnız paytaxtın nəqliyyat sisteminin modernləşdirilməsinə deyil, eyni zamanda, ölkənin iqtisadi və sosial inkişafına da mühüm töhfə verir. Layihə çərçivəsində 365 sürücü, 78 nəfər inzibati və texniki heyət olmaqla ümumilikdə 443 nəfər daimi işlə təmin edilir.

Qeyd edək ki, "BakuBus" tərəfindən 2024-cü ildə 160, 2025 və 2026-cı illərdə isə 200 elektrikli avtobus alınıb. Cari il ərzində əlavə 169 avtobusun alınması nəzərdə tutulur. Eyni zamanda, özəl daşıyıcılar tərəfindən də ekoloji təmiz elektrikli avtobusların alınması həyata keçirilir. Bütün bu tədbirlər nəticəsində isə yaxın zamanlarda Bakıda yalnız ekoloji təmiz nəqliyyat vasitələrinin xidmət göstərməsi təmin ediləcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın